Ukrayna prezidenti Vladimir Zelenski Lvovda amerikalı senatorlarla görüşü zamanı ABŞ-dan yardımın bərpa olunmayacağı təqdirdə ölkənin Rusiya ilə münaqişədə məğlubiyyətə uğrayacağını vurğulayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Konqresin yuxarı palatasındakı Demokratik çoxluğun lideri Çak Şumer X sosial şəbəkəsində yazıb.
“Zelenski mənə və nümayəndə heyətimizin üzvlərinə bildirdi ki, Ukrayna bu həyati yardım olmadan bütün Ukrayna xalqı, eləcə də ABŞ üçün ağır nəticələrlə nəticələnən bu müharibəni uduzacaq”, Şumer qeyd edib.
Şumer Nümayəndələr Palatasını və onun spikeri Mayk Consonu daha əvvəl hazırlanıb Senat tərəfindən qəbul edilmiş və Ukraynaya 60 milyard dollardan çox yardım ayıran qanun layihəsini dərhal təsdiq etməyə çağırıb.
Ukrayna prezidentinin ofisi Lvovda Demokratik Əksəriyyətin lideri Çak Şumerin başçılıq etdiyi amerikalı senatorlardan ibarət nümayəndə heyəti ilə görüşü təsdiqləyib.
“Bu, ABŞ-dan, Amerika xalqından ciddi mesajdır. Bu, bizi dəstəklədiyinizi göstərir. Amerikalılar həqiqətin tərəfindədirlər və biz ümumi dəyərləri bölüşürük. Mən sizə təkcə Ukraynada deyil, demokratiyanı qoruyub saxlamağa kömək etdiyiniz üçün sizə təşəkkür edirəm, çünki demokratiya və azadlıq uğrunda mübarizə bütün dünyada aparılmalıdır”, – Zelenski görüşdə deyib.
Prezident Konqresə, Demokratik və Respublikaçılar partiyalarına, ABŞ prezidentinə və Amerika xalqına Ukraynaya müdafiə, maliyyə və iqtisadi yardım göstərdiklərinə görə təşəkkür edib.
“Bu iki il ərzində biz həmişə hiss etmişik ki, ABŞ bizi dəstəkləyir”, – Zelenski əlavə edib.
Dövlət başçısı cəbhə xəttində strateji məqsədlərə nail olmaq üçün müdafiə yardımını daha da artırmağa çağırıb. Prezident vurğulayıb ki, əlavə hava hücumundan müdafiə sistemləri və müxtəlif tipli PUA-ların alınması, habelə Ukrayna silahlı qüvvələrinin mülki əhalinin və mühüm infrastrukturun effektiv müdafiəsi üçün uzaq mənzilli imkanlarının gücləndirilməsi prioritet olaraq qalır.
Gununsesi.info