Seneqalda ciddi təhlükəsizlik tədbirləri və aparıcı müxalifət namizədlərinin seçiciləri səfərbər etməsi fonunda prezident seçkiləri üzrə səsvermə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Seneqalın “RTS” telekanalı məlumat yayıb.
Daxili İşlər Nazirliyi seçki məntəqələrinin mühafizəsi və ictimai asayişin qorunması üçün 50 mindən çox polis və xüsusi təyinatlı dəstə ayırıb.
Seçki bülletenində 19 namizəd var. Seneqalın hazırkı prezidenti Maki
Salın səlahiyyətləri aprelin 2-də başa çatır. Afrikalı ekspertlər dörd siyasətçini seçkilərdə favorit adlandırırlar: hakim partiyanın namizədi Amadu Ba, müxalifət liderlərindən biri Bassiru Diomaye Faya, siyasi ağır çəkidə olan İdris Sek və Xəlifə Salya.
Seçki siyahılarına 7,37 milyon nəfər daxil edilib və 16 440 seçki məntəqəsi açılıb. Seneqaldan kənarda 807 seçki məntəqəsində səsvermə keçirilir və xaricdə yaşayan 338 min ölkə vətəndaşının səs verməsi gözlənilir.
Səsvermənin monitorinqini 71 beynəlxalq təşkilatın nümayəndələri də daxil olmaqla 2457 müşahidəçi aparır.
Seneqalın əhalisi 18,5 milyona çatır, 25 yaşdan aşağı gənclər ölkə əhalisinin 60%-ni təşkil edir.
Ümumiyyətlə seçkilərdə yaşı 18-dən yuxarı olan gənclər iştirak edə bilər. Prezident birbaşa ümumi səsvermə yolu ilə mütləq səs çoxluğu ilə seçilir. Əgər birinci turda heç bir namizəd 50% səs toplaya bilməsə, ən yaxşı nəticə göstərən iki namizəd ikinci tura keçir.
Gununsesi.info