“Sensasiyalı açıqlamadan sonra da həbs olmayacaq” - İLHAM İSMAYIL

  • Müəllif: admin
  • 03 İyun 2017 12:36

 

SONY DSC

Mən inanmıram ki, Vüsal Ələkbərovun  məhkəmədə son  söz söyləməsindən sonra indiyədək tutulmayan Mövlam Şıxəliyev və Eldar Mahmudov həbs ediləcək və ya müttəhimlər kürsüsündə əyləşəcəklər”.

Bu haqda  Gununsesi.info-ya  təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun məhkəmədə söylədiklərinə münasibət bildirəkən belə deyib.

İ.İsmayıl qeyd edib ki,  V.Ələkbərovun məhkəmədə son söz deyərkən birbaşa çəkəcəyi adlardır sabiq nazir E.Mahmudov və M.Şıxəliyevin adları: “Lakin dolayısı ilə hamı görür ki, E.Mahmudovun da, M.Şıxəliyevin də həbsi və azadlıqdan məhrum  edilməsi üçün kifayətqədər əsaslar var.  Əgər  bir neçə variantda  bu əsaslar ola-ola həmin adamlar indiyədək  həbs olunmayıblarsa,  V.Ələkbərovun  bu çıxışından sonra da həbs etməyəcəklər. Bu həbsin baş verəcəyinə inanmıram, çünki V.Ələkbərov birbaşa həmin şəxslərin adını çəksə belə, nəticədə yenə heç nə dəyişməyəcək. E.Mahmudov və M.Şıxəliyevlə bağlı  ictimaiyyətə də məlumdur, bunun üçün xeyli əsaslar da var. Təəssüf  ki, bu adamlar hələ də həbs olunmayıblar”.

İ.İsmayıl Vüsal Ələkbərovun sözügedən cinayət işi üzrə mövcud mütəşəkkil dəstənin başında duranların adlarını bir-bir əməlləri ilə bağlı bəzi sensasiyalı  faktlar açıqlayacağını bəyan etməsinə də  münasibət bildirib: “V.Ələkbərov  sensansiyalı açıqlama deyəndə  birbaşa konkret ad çəkəcəyini nəzərdə tutub.  Yəni o deyəcək ki, bu iş, bu tapşırıq, bu istintaq,  bu zamanda baş verib. Hadisələr baş verəndən hamımız şahidiyik ki, birbaşa söyləməklə,  dolayısıyla  deməyin elə də fərqi yoxdur. Çünki, bu əsas verirdi ki, onlar  həbs edilsin. Lakin onları həbs eləmək istəmirlər. Heç həbs etmək fikirləri də yoxdur. Ona görə də V.Ələkbərov lap birbaşa  konkret cinayət, konkret əməli  göstərib desə ki, bu mənim gözümün qabağında  belə olub, mənə tapşırığı belə veriblər,  yenə də bütün bunlara rəğmən,  hələ onların həbsinə imkan verməyəcəklər. Çünki siyasi bazada qərar qəbul olunub artıq,  həbs olunmasınlar”.

Sözügedən şəxsləri niyə həbs etmirlərə gəlincə isə, ekspert  hesab edir ki, bu mümkün deyil:

“Çünki adları çəkilən şəxslər elə adamların adlarını  çəkərlər ki,  bunları kim ki ittiham edir, onların adları da  hallanar. İttiham tərəfinə də məlum olar ki, zəncirin bir halqası da  elə bunlardır.  Adlar zəncirvari şəkildə  davam edə bilər, hara qədər istəsəniz. Odur ki, sensasiyalı açıqlamadan sonra da  həbs olmayacaq”.

Qeyd edək ki, iyunun 2-də  Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti Vüsal Ələkbərovun vəkillərinin müdafiə çıxışı etməsindən sonra ona son söz üçün 1 həftə vaxt verib. Ancaq MTN-nin şöbə rəisi məhkəmədən 2 həftə vaxt istəyib.

Hakim son söz üçün 2 həftənin çox olduğunu qeyd etdikdə, Vüsal Ələkbərov bu müddətdə daha dərindən düşünərək sözügedən cinayət işi üzrə mövcud mütəşəkkil dəstənin başında duranların adlarını bir-bir əməlləri ilə açıqlayacağını bəyan edib: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”

Xatırladaq ki, Vüsal Ələkbərov məhkəmədə çıxışı zamanı bu ifadələri işlədərkən milli təhlükəsizlik naziri Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutub.

Onu da bildirək ki, Mövlam Şıxəliyev vəzifəsindən azad olunsa da hazırda azadlıqdadır.

Vüsal Ələkbərov bu cür açıqlamasından sonra məhkəmə kollegiyası son söz üçün ona 2 həftə vaxt verib.

Gülnaz Qənbərli

Gununsesi.info