Sensasion İDDİA: ABŞ-ın İsraildə gizli hərbi bazası var

  • By admin
  • 31 Oktyabr 2023 13:55

ABŞ-ın İsraildə İrana qarşı gizli hərbi bazası olması iddiası gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın “The Intercept” internet saytının xəbərində ABŞ Müdafiə Nazirliyinin İsrailin cənubundakı Negev səhrasındakı Har Keren dağının zirvəsində yerləşən “gizli baza tikintisini sakitcə davam etdirdiyi” bildirilib. Xəbərdə Qəzzanın 32 kilometrliyində, Negev səhrasında yerləşən “Site 512” kod adlı ABŞ bazasının İsrailə qarşı mümkün raket hücumlarını izləyən radar obyekti olduğu qeyd edilib.

Bununla belə, vurğulanıb ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı minlərlə raket atıldığı zaman “Site 512” onların heç birini aşkar etməyib, çünki o, “min kilometrdən çox uzaqdakı İrana yönəlmişdi”.

Xəbərdə ABŞ administrasiyasının “HƏMAS-a qarşı müharibədə İsrailə qoşun yeritmək planı yoxdur” açıqlamasına cavab olaraq, artıq İsraildə ABŞ-ın gizli hərbi varlığının olduğu qeyd edilib. Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi avqustun 2-də İsraildə “həyat dəstəyi zonası”nın tikintisi üçün imzaladığı 35,8 milyon dollarlıq müqavilədə dolayısı ilə bu bazaya istinad edib.

Digər tərəfdən, İsrailə 14,3 milyard dollarlıq yardım paketini ehtiva edən qanun layihəsi Respublikaçılar tərəfindən ABŞ Nümayəndələr Palatasına təqdim edilib.

Respublikaçılar İsrailin “HƏMAS-a qarşı müharibəsində” ehtiyac duyduğu vəsaiti təmin etmək üçün ona 14,3 milyard dollar yardım göndərilməsi ilə bağlı qanun layihəsini ictimaiyyətlə bölüşüblər. Bu yardım kampaniyasında İsrailin “Dəmir günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemləri üçün 4 milyard dollar, “Dəmir şüa” hava hücumundan müdafiə sistemi üçün isə 1,2 milyard dollar ayrılması nəzərdə tutulur.

Ağ Evin sözçüsü Karin Jan-Pyere yazılı açıqlamasında qanun layihəsini tənqid edib.

Gununsesi.info