Sensasion ittiham: Nəcməddin Sadıkova cinayət işi açılacaq?

  • By admin
  • 16 Fevral 2022 13:37

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Altay Mehdiyev Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı sensasion iddialar irəli sürüb.

Sosial şəbəkə hesabında bu barədə geniş açıqlama yayan Altay Mehdiyev 2000-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığındakı Buzqov yüksəkliyi də daxil olmaqla geniş ərazinin işğaldan azad edilməsi əməliyyatı barədə bəzi faktları açıqlayıb.

General məlum qeydində Nəcməddin Sadıkovu ittiham edərək yazıb ki, onun rəhbərliyi altında keçirilən uğurlu əməliyyatdan xəbər tutan Baş Qərargahın keçmiş rəisi dərhal geri çəkilməyi əmr edib:

 

 

“Əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş Qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə dedi:

– Siz haradasınız? Nə ilə məşğulsunuz?

– Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə məşğuluq!

– Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib onların “torpaqlarını” zəbt etmisiniz. Yerevanda Prezident Aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm: təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!”.

Altay Mehdiyevin sensasion açıqlaması sosial mediada ciddi müzakirə predmetinə çevrilib. Bildirilir ki, generalın Nəcməddin Sadıkovla bağlı iddiaları araşdırılmalı, ittihamlar öz təsdiqini taparsa, Baş Qərargahın keçmiş rəisinə cinayət işi açılaraq, həbsinə qərar verilməlidir.

 

 

 

Bununla bağlı Modern.az-a danışan deputat Fazil Mustafa hesab edir ki, general Altay Mehdiyevin açıqlamasında çox ciddi hərbi cinayətdən söhbət gedir. Onun fikrincə, Nəcməddin Sadıkova yönəlmiş ittihamları mütləq şəkildə araşdırmaq lazımdır:

“İddia edilir ki, Nəcməddin Sadıkov hərbi cinayətin müəllifidir. Belə olan halda konkret  ittiham üzrə hüquq-mühafizə orqanları və prokurorluq cinayət işi qaldırmalıdır. Qarşı tərəfin iddialarının nə qədər haqlı olub-olmadığını müəyyənləşdirmək üçün şahidlər dindirilməli, ifadələr alınmalıdır. İfadələr əsasında da konkret qərarlar qəbul olunmalıdır”.

Deputat vurğulayıb ki, bu məsələnin üstündən ötüb keçmək olmaz. Çünki ortada olduqca ağır ittihamlar var:

“Burada vətənə xəyanətdən tutmuş, ən ciddi hərbi cinayətdən söhbət gedir. Eyni zamanda söhbət yüzlərlə əsgərin taleyindən, Azərbaycanın ərazi bütövlüyündən gedir. Həmçinin, vəzifə səlahiyyətindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyən qüvvələrə qarşı əks fəaliyyətdən bəhs olunur. Bunlar çox ciddi ittihamlardır. Bu ittihamı diqqətdən kənarda saxlamaq olmaz”.

Nəcməddin Sadıkova qarşı cinayət işinin açılmasına gəlincə, Fazil Mustafa qeyd edib ki, kimliyindən asılı olmayaraq, təsqirkarların hamısı öz cəzasını almalıdır:

“Cinayət işi açılmalı olan təqsirkar şəxlərin əvvəl izahatı, daha sonra ifadəsi alınmalı, bundan sonra həmin şəxsin şahid, zərərçəkmiş və ya təqsirkar olduğu müəyyənləşdirilməlidir”.

Gununsesi.info