Serbiya lideri Azərbaycan Prezidentini təbrik etdi

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, mətndə deyilir:

HTML tutorial

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizinlə ümumi dəyərlər və qarşılıqlı hörmət ruhunda əməkdaşlığa böyük əhəmiyyət verirəm. Həm dövlətlərarası, həm şəxsi münasibətlərimizin yaxınlığı Qoşulmama Hərəkatının 60 illik yubileyinin qeyd olunması ilə bağlı birgə təşkilatçılıqda bir daha təsdiqləndi. Mənə çox xoşdur ki, Siz çıxışınızda beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyinə dair məsələləri xüsusi qeyd etdiniz. Bu mənada mən Kosovonun birtərəfli qaydada elan etdiyi müstəqilliyi tanımamaqla bağlı qəti mövqeyinizə, həmçinin beynəlxalq təşkilatlarda bu məsələ ilə əlaqədar Serbiyanı dəstəklədiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Serbiya da öz növbəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir və Qarabağ probleminin tənzimlənməsini alqışlayır.

Hörmətli cənab Prezident, Azərbaycanla strateji tərəfdaşlıq Serbiya üçün böyük əhəmiyyət kəsb edir. Coğrafi məsafəyə baxmayaraq, bizim ölkələrimizi və xalqlarımızı ənənəvi dostluq və tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsi üçün böyük potensial birləşdirir. Serbiya əlaqələrin daha da möhkəmlənməsinə qəti şəkildə sadiqdir. Ona görə də ümid edirəm ki, Azərbaycan ümumi məqsədlərin reallaşmasında gələcəkdə də bizim etibarlı tərəfdaşımız olaraq qalacaqdır.

Zati-aliləri, yeni görüşlər ümidi ilə xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Gununsesi.info