Sergey Şoyqu: “Rusiya qələbəyə yaxındır…”

  • By admin
  • 29 Mart 2022 17:21
“Xüsusi əməliyyatın birinci mərhələsi, əsasən, başa çatıb, indi əsas səylər Donbasın azad edilməsinə yönəldiləcək”
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu uzun müddət yoxa çıxdıqdan sonra martın 29- da selektor müşavirəsi keçirib. O, bəyan edib ki, Ukraynada “xüsusi əməliyyat”ın birinci mərhələsinin əsas vəzifələri icra edilib.
Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiyanın SİTA və “RİA Novosti” KİV- ləri məlumat yayıb.
Onun sözlərinə görə, qarşıya qoyulan vəzifələrə nail olunmayınca, döyüş əməliyyatları davam etdiriləcək.
“Ümumilikdə, əməliyyatın birinci mərhələsinin vəzifələri icra edilib. Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialı xeyli azaldılıb, bu isə əsas diqqəti və
səyləri əsas məsələyə- Donbasın azad edilməsinə yönəltməyə imkan verir”, – nazir bəyan edib.
Onun sözlərinə görə, “Ukrayna Silahlı Qüvvələrinə əhəmiyyətli dərəcədə zərər vurulub, havada üstünlüyə nail olunub, HHQ və HHM sistemləri praktiki olaraq məhv edilib, ölkənin Hərbi- Dəniz Qüvvələri artıq mövcud deyil, quru qüvvələri və desant- hücum qoşunları xeyli itkilərə məruz qalıb”.
Şoyqu Ukrayna tərəfinin texnika sarıdan itkilərinin statistikasını da açıqlayıb: 152 təyyarədən 123- ü, 149 helikopterdən 77- i, 180 orta və uzaq mənzilli zenit- raket komplekslərindən 152- i məhv edilib.
Rusiyanın müdafiə naziri əlavə edib ki, Rusiya NATO ölkələrinin Ukraynaya təyyarələr və HHM sistemlərinin tədarükünü izləyir və onların reallaşacağı təqdirdə “adekvat reaksiya verəcək”.
Qeyd edək ki, söhbət rəsmi bəyanatlardan gedir və onları təsdiq və ya təkzib etmək imkanı yoxdur, gətirilən statistika gerçəyi əks etdirməyə də bilər.
Nazirin sözlərinə görə, yazda orduya 134, 5 min yeni çağırışçılar səfərbər ediləcək və onlar qaynar nöqtələrə göndəriləcək.
Cari kampaniyanın əvvəlində Rusiya hakimiyyəti çağırışçıların Ukrayna ərazisinə göndərilməsini inkar edirdi, amma sonradan aydın oldu ki, belələri var və onların bir hissəsi döyüşlərdə həlak olub
Qeyd edək ki, Şoyqu bir neçə həftə ərzində ictimai məkandan yoxa çıxmışdı. Ukrayna DİN rəhbərinin müşaviri Anton Qeraşşenkonun versiyasına görə, o, yol verilən yanlışlıqlardan narazı qalan Putinlə söhbətdən sonra ürək infarktı keçirib.
Putinin mətbuat katibi Dmitri Peskov Şoyqunun KİV- lərdən yoxa çıxmasını belə şərh edib: “Hazırda müdafiə nazirinin qayğıları çoxdur. Xüsusi əməliyyat gedir. Əlbəttə, indi media fəallığının zamanı deyil və bu, tamamilə başadüşüləndir”.