“Seriallarda varlı ailənin xanımına nimdaş xalat geyindirirlər”

  • By admin
  • 14 Dekabr 2016 00:02

 d1

“İmkanım olsa Azərbaycanı tərk edərdim…”

 

Gununsesi.info ölkənin mədəniyyət aləminin məşhurları ilə bağlı yeni layihəyə- “Mənim əziz evim” layihəsinə start verir. Bu layihədə oxucularımız onların ev həyatları, yaşam tərzləri barədə məlumatlanacaq.

Həmsöhbət barədə düşünərkən, ilk ağlıma gələn əməkdar artist Naibə Allahverdiyeva oldu. Çünki, onun mehribanlığı, qonaqpərvərliyi onu tanıyan hər kəsə məlumdur. Zənnim məni yanıltmadı və bu təklifimizi Naibə xanım sevə-sevə qəbul etdi.

Beləliklə, layihəmizin ilk qonağı Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası,  əməkdar artist Naibə Allahverdiyeva oldu.

 

– Naibə xanım öncə sizi təbrik edirəm. Yaxın günlərdə  ailə qurmusunuz. Ailə həyatınız necə gedir?

– Yoldaşım Yusif mənim çox çətin heç nədən zövq ala bilmədiyim,  hər şeyin mənə boş və  mənasız göründüyü bir zamanda həyatıma gəldi. Mən tək qalmaqdan çox qorxan bir insanam. Yusifin evimizə gəlişi ilə özümü çox xoşbəxt hiss etməyə başladım. Tənhalığıma, nəhayət ki, son qoyuldu.

– Ev demişkən,  çox gözəl bir eviniz var. Üzərində dizaynerlər çalışıb, ya öz zövqünüzdür?

– Öz zövqümdür. Mən, ümumiyyətlə, bəyaz rəngi çox sevirəm. Ona görə də bütün evi bəyaz etmişdim. Hələ bu evin təmirində çox problem yaşadım. Amma şükür ki, çox yaxşı oldu.

– Nə kimi bir problem?

 – Evin  təmirində ustalar məni aldatmışdılar. Məndən pulu alıb çıxıb getmişdilər. Çox əsəbləşmişdim.

–  Evinizdə çox əşya da gözümə dəymir…

– Hə, mən sevmirəm ki, evdə çox əşya olsun, ev adamın üzərinə gəlsin. Hələ gördüyünüz əşyalar da çoxluq edir, istəyirəm onları da çıxarım.

– Deyəsən, rəsm əsərlərini sevirsiniz, evinizdə çox rəsm əsəri var?

 – Bəli, bayaq da dedim də mən çox sevirəm ev bər-bəzəkli olanda. Mən bəy nəslindənəm, çox varlı ailədə dünyaya gəlmişəm. Cah -cəlalı, hamısını atamın evində görmüşəm. Bizim evə o vaxtı kimlər gəlməzdi.  Hamı bilir ki, xalq artisti Zeynəb Xanlarovanın rəhmətlik yoldaşı Səlim müəllim mənim qardaşımın kirvəsi idi. Ziyalı nəsildən gəlirəm. Ona görə də hər şeyin yerini bilirəm. Maraqlı fotoları, rəsm əsərlərini çox sevirəm. Amma təbiətən çox romantik qadınam heç vaxt çox pul dalınca qaçmamışam. Düzdür, hamı kimi mənə də pul lazımdır. Amma insanlar var ki, yatanda da duranda da pul-pul düşünür, heç vaxt onlardan ola bilmərəm. Mənim üçün əsas xoşbəxtlikdir. Balaca evimiz olsun, pendir çörəyimiz olsun. Amma əsas odur ki, o evdə sevgi olsun.

– Evdə sizin üçün ən əziz əşya hansıdır?

– Vallah bütün əşyalar əzizdir. Elə bir xüsusi əşya yoxdur ki, onun adını çəkim. Amma mənim üçün əsas əziz olan insanlardır, əşyalar yox. Əsas odur ki, insanlar sağ-salamat olsun, qalan hər şey düzələr.

– Evdə heyvan da saxlayırsınız, deyəsən…

– Bəli “Mikki” adında itim var.

– Neçəyə almısınız “Mikki”ni?

 – “Mikki”ni almamışam. Onu mənə hədiyyə ediblər. Amma deyim ki, nə qədər gözəl olsa da, heyvana baxmaq çox çətin işdir.

 – Naibə xanım, işlər necə gedir? Son zamanlarda iş mövzusunda bir az narazısınız, deyəsən…

 Vallah nə deyim. İndiki serialları görürsünüz də, hamısı necə gündədir. Başqa millətlər serial çəkəndə elə edirlər ki, nə eyibləri var göstərməsinlər. Bizimkilər amma tam əskinə o gün bir seriala baxırdım. Görürəm ki, serialdı varlı ailəni təsvir edirlər. Amma evin xanımına cındır günündə bir xalat geyindiriblər. Biz gərək seriallarımızda filmlərimiz də gözəlliyi estetikanı təqdim edək. Dünən universiteti bitirilər və ya heç bitirmirlər. Hərəsi əlinə bir kamera alır düşür ortaya ki, mən serial çəkirəm. Bir dəfə məni seriala çağırıblar gecə 5 kimi çəkiliş ediblər. Deyirəm ki, bəs bu saata kimi məni saxlamısınız. Deyir, Naibə xanım bizə kömək edin. Axı, belə olmaz. Mən böyük rejissorlarla işləmişəm belə naşı insanlarla çalışa bilmərəm.

 – Ona görə də seriallara çəkilmirsiniz?

–  Bəli, ona görə mənim kimi aktrisanı kənara atmaq istəyirlər. Mən əgər yaxşı aktrisa olmasaydım dövrünün ən yaxşı rejissorları məni heç çəkərdilər?  Elə hamı “Toma” obrazımı deyir. Mən tək “Toma”nı oynamamışam ki…Teatrda, teletamaşalarda nə qədər rollarım olub. Bütün teatr kollektivi də təsdiqləyə bilər.  Məni Türkiyədə festivalda necə tərifləmişdilər. Bir türk rejissor var Feysbuk vasitəsi ilə tanış olmuşuq. Mənə yazdı ki,”siz sənətçisiniz?” dedim ki, bəli. Sonra mənə dedi cv-nizi atın. Həm cv-yə, həm də ki, mənim çəkildiyim filmlərə baxıb, yazdı ki, sizin kimi 10 nömrəli yəni ki,  həm siması ilə rola uyğun, həm də istedadlı bir sənətçinin bir dəqiqə belə çəkilişlərdən vaxtı olmaz. Ancaq baş rollarda oynayar. Mən axı ona necə deyim ki, əşi, nə çəkiliş. Ancaq tamaşadan, tamaşaya teatra gedib gəlirəm.

– Xatırlayıram, bir neçə il əvvəl bayram çəkilişlərində ancaq aktyorların hazırladıqları səhnəciklər tv-lərdə göstərilərdi amma indi ancaq müğənnilərdir…

– Əlbəttə, o vaxtlar biz neçə ay əvvəldən hazırlaşıb səhnəciklər düzəldirdik.  Teatrda soyuqda məşqlər edirdik. Hamı mənə deyir ki, sizin elə qəribə, gözəl, sehirli gözləriniz var ki. Axı niyə mənim kimi bir aktrisa kənarda qalmalıdır. (Kövrəlir-D.Z.)

 – Nə vaxtsa bu şeylərdən bezib Azərbaycanı tərk etmək istəmisiniz və ya istəyirsiniz?

– Mən xalqımı, millətimi, vətənimi çox sevən ona bağlı olan insanam. Amma bu hadisələr hamısı mənə çox pis təsir edir. Sənətin bu gündə olmasına dözə bilmirəm. Hər küçədən keçəni aktyor edirlər. Hər hansı satıcı mənə deyir ki, Naibə xanım biz kolleqayıq. Hansısa serialda gedib “masovka” olub özünə aktyor deyir. Aktyor olmaq üçün mütləq məktəb keçmək lazımdır. Bax belə şeylərə görə imkanım olsa, Azərbaycandan çıxıb gedərəm. Amma mənim hal-hazırda buna imkanım yoxdur.

– Sənətin bu günə düşməyində müğənniləri də günahkar görürəm…

– Əlbəttə, bu gün Azərbaycan xalqı sosial şəbəkələrdə məşhurlarla bağlı hər hansısa bir xəbər görən kimi aqressiv yanaşır, onu təhqir edirsə burada günahın çoxu müğənnilərdədir. Aktyorları, aktrisaları da onların gözünə qatırlar. Sosial şəbəkələrdə rəy yazanlar o qədər aqresivdirlər ki, qəti şəkildə düşünmürlər ki, axı, haqqında tanımadan ağzıma gələni dediyim adamlarında ailəsi var. Bu gün müğənnilərə hər şey olar. Aktyorların tv-lərdə mahnı ifadə etməsinə qadağa qoyublar. Amma müğənni mahnıda oxuya bilər, kinoya da çəkilə bilər, aparıcılıq da edə bilər onlara hər şey olar. Xalqın zövqünün korlanmasın da əlbəttə ki, hamısı yox amma bəzi müğənnilər böyük rol oynadı. Nə bilim görək nə olur.

– İnşallah hər şey düzələr.

– İnşallah amma inanmıram…

d3

d2

d5

Dilarə Zamanova

Gununsesi.info