Serj Sərkisyanın iki yolu var - EKSPERT

  • Müəllif: admin
  • 23 Aprel 2018 13:52

“Ermənistanda Serj Sərkisyan hakimiyyətinə qarşı başlayan davamsız etriaz dalğası artıq öz pik həddinə çatıb. Hətta ölkənin yeni prezidenti Armen Sərkisyan hadisənin bu cür inkişafını ölkə üçün təhlükəli hədd hesab edir”.

Yaranmış situasiyanı Gununsesi.info-ya şərh edən ekspert Şahin Cəfərli deyib ki, indiki durumda Serj Sarkisyanın 2 yolu qalır:

“Birincisi, fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürmək. İkincisi isə  istefa verib, erkən seçki qərarı almaq”.

Ekspertin fikrincə, birinci variantı tətbiq etməyə Sarkisyanın resursu varmı, şübhəlidir. “Bu yalnız Rusiyanın ciddi dəstəyi sayəsində mümkün ola bilər. Amma Rusiya o halda bu addıma gedə bilərdi ki, əlində Serjiki əvəz edə biləcək alternativ variant olmasın. Rusiyanın isə alternativi var: hazırda baş nazirin 1-ci müavini olan “Qazprom”un kadrı Karen Karapetyan.

Parlament sədrinin təcridxanaya gedib Paşinyan və saxlanılan digər deputatlarla görüşməsi, bu gün aprel döyüşçülərinin və din xadimlərinin etirazçıların sırasına qoşulması, tələbə hərəkatının başlaması Sarkisyanın dayaqlarının sarsıldığını göstərir.

İkinci variant məncə, hazırkı situasiyada daha ağlabatan görünür. Serj həm baş nazirlikdən, həm də Respublika Partiyası liderliyindən istefaya gedir, yerinə Karen Karapetyan keçir, seçkidə yenə RP qalib gəlir və beləliklə, hakimiyyət dinc, demokratik yolla Rusiyanın xas adamı Karapetyana ötürülür. Xalq da razı qalır, Rusiya da. Qərbin də hadisələrin bu cür inkişafına etirazı ola bilməz”- o qeyd edib.

Ekspert əlavə edib ki,  Serj Sarkisyan mövcud pat vəziyyətindən çıxmaq üçün üçüncü yol da tapa bilər, hər halda, ötən müddətdə zəngin siyasi təcrübə toplayıb.

Mürtəza

Gununsesi.info