“Sertifikasiya müəllimi cəzalandırmaq üçün deyil, inkişaf etdirmək üçündür” -TƏHSİL EKSPERTİ

“Sertifikasiya imtahanı beynəlxalq təcrübədə də müxtəlif dövlətlərdə fərqli adlar altında diaqnostik qiymətləndirmə formasında keçirilir və müəllimlərin ümumi bilik və bacarıqları yoxlanılır.

Əmək bazarında, yəni təhsil müəssisələrində bilik və bacarıqları yüksək olan, öz üzərində mütəmadi işləyən müəllimlərin qalması arzulanır. Digər tərəfdən, öz ixtisası üzrə kifayət qədər bilik və bacarığı olmayan və yaxud müsabiqə şərtlərini tam ödəməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir. Bizdə də hazırda sertifikasiya imtahanı keçirilir və artıq birinci sertifikasiya mərhələsinə bütün fənlər üzrə 2026-cı ildə yekun vurulur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib:

“Bu istiqamətdə Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən humanist yanaşma da göstərilir. Çünki sertifikasiya imtahanından qeyri-məqbulnəticə alan, yəni imtahanın 50 faiz nəticəsini toplaya bilməyən müəllimlərə bir il möhlət verilir. Bir il vaxt verilir ki, müəllim öz üzərində işləsin, hazırlaşsın və orta ümumi təhsil məktəbində tədris apardığı ixtisas üzrə imtahanda 50 faizdən yuxarı nəticə toplasın.

Yəni Elm və Təhsil Nazirliyi demək istəyir ki, biz həmin müəllimlərin kəsilməsində maraqlı deyilik. Məqsədimiz müəllimin məktəbdən uzaqlaşdırılması deyil. Məqsədimiz müəllimin öz üzərində işləməsi və təkmilləşməsidir.

Amma çox təəssüf ki, bir il vaxt verilməsinə baxmayaraq, bəzi müəllimlər tənbəllik edir və ya öz ixtisası üzrə bilik və bacarıqlarını inkişaf etdirmirlər. Bir il müddət verilməsinə rəğmən yenə də aşağı nəticə göstərdikləri halda, Elm və Təhsil Nazirliyi həmin müəllimlərin əmək müqaviləsinə xitam verir. Bu, belə də olmalıdır. Niyə? Çünki bu gün heç bir valideyn övladına orta ümumi təhsil məktəbində zəif müəllimin dərs keçməsini istəməz.

Hər birimiz övladımızı bağçaya və ya məktəbə aparanda istəyirik ki, ən yaxşı müəllim ona dərs desin. Əgər hər hansı müəllim illərlə öz ixtisası üzrə dərs keçdiyi halda, həmin ixtisas üzrə 50 faiz nəticəni belə toplaya bilmirsə, düşünürəm ki, onun sinifdə dərs deməsi heç bir valideyn tərəfindən qəbul olunmaz. Ona görə də müəllim bu peşənin sahibidirsə və illərlə bu istiqamətdə fəaliyyət göstərirsə, öz ixtisası üzrə müəyyən bilik və bacarıqlara malik olmalıdır.

Öz ixtisasını yaxşı bilməli, onu mənimsəməlidir. Kurikulum sistemi ilə tədris aparırsa, bu sistem barədə kifayət qədər məlumatlı olmalıdır. Yəni 100 faizlik nəticənin cəmi 50 faizi tələb olunur”.

Ekspertin fikrincə, bir müəllim bunun yarısını belə bilmirsə, düşünürəm ki, özü könüllü şəkildə məktəbdən ayrılmalıdır:

“Hamımız bilirik ki, sertifikasiya imtahanları təhsilimizdə potensiallı müəllimlərin seçilməsi və müəllimlərin davamlı inkişafının təşviqi məqsədilə keçirilən imtahandır. Bu imtahanın müsbət nəticələrini yəqin ki, qarşıdakı 5–10 il ərzində aydın şəkildə görəcəyik.

Bununla yanaşı, ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirmiş və illərdir iş gözləyən gənclərimiz var. Onlar MİQ imtahanında iştirak etsələr də, bəzən vakansiya tapa bilmirlər və əmək fəaliyyətinə başlaya bilmirlər. Sertifikasiya imtahanından müsbət nəticə əldə etməyən müəllimlərin yerləri boşaldıqca, həmin gənclərin də iş imkanları müəyyən qədər genişlənəcək. Ona görə də düşünürəm ki, sertifikasiya imtahanının çox böyük əhəmiyyəti var”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info