Xəbər verdiyimiz kimi, bu il iyun ayının 8-də isə təhsilverənlər üçün təkrar sertifikasiya imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Elm və Təhsil Nazirliyi 2023-cü ildə keçirilmiş sertifikasiya müsaqibəsində müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib.
Bununla belə sosial şəbəkələrdə bu imtahanların obyektiv olub-olmamasına dair müzakirələr açılıb.
Bəs görəsən, sertifikasiya imtahanı ədalətli şəkildə keçirilib?
Mövzu ilə Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov deyir ki, sertifikasiya çalışqan müəllimlə digər müəllimləri fərqləndirməyə imkan verən bir prosesdir:
“Azərbaycan təhsil sistemində bugün kifayət qədər müəllim var. Təkcə bizim 4432 orta məktəb təhsil müəssisəsində 150.000 müəllim çalışır.
Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfərbər edən yaxud da passiv olan müəllimlər eyni əmək haqqı alır. Amma sertifikasiya bunu fərqləndirir. 2022-ci ildə bu proses başlayanda biz gözləyirdik ki, hər bir fənn üzrə minimum 10-12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Çünki buna qədər 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlar bilavasitə bunu deməyə əsas verdi. Çox təəssüf olsun ki, müəllimlər öz üzərlərində işləmirlər.
Artı dünya getdikcə dəyişir. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya həyata keçirilir. Yəni burada müəllimin peşəkar bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmə arasında ən fərqlisi, ən alisidir. Sertifikasiya imtihanı ləğv olunmayacaq”.
Sertifikasiya imtihanı nəticəsində 4-minə yaxın müəllim işini itirdiyinə toxunan ekspert vurğulayır ki, bu insanların yenidən təhsil sistemində işləmək hüququ məhdudlaşdırılmır:
“Sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ vasitəsilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddət ərzində öz üzərlərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa, onlar yenidən müəllim kimi çalışacaq.
Bununla yanaşı, Elm və Təhsil Naziri humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq vəzifələrində çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri, bilik və bacarıqları var. Onlara yenidən təhsil sistemində işləmək icacəsi verilir. Birmənalı şəkildə 20-30 illiyi müəllim təcrübəsi olan kadrların sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu il ilə bağlı hədəflərindən biri yüksək ixtisaslı və pəşəkar müəllimlərin yetişdirilməsidir”.
Ekspert deyir ki, bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır: “Pandemiyadan sonra daha yüksək ixtisaslı, şagirdlərlə işləyə bilən müəllimlər lazımdır. Yəni, biz bu məsələyə heç də elə baxmayaq ki, biz 4 min insanı itirdik. Əksinə biz onların yerinə 4 min daha hazırlıqlı, bacarılıqlı, gənc, enerjili şəxsləri mindən də artıq edəcəyik.
Kimsə desə ki, gənclər sinifi idarə edə bilmirlər bu yanlışdır. Biz o gənclərə də şans verməliyik. Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından həmin dərslikləri 20-30 dəfə təkrar ediblər. Mövzuları təkrar edib, illər ərzində dərsliklər dəyişsə də mövzu dəyişməyib. Azərbaycan dilində nə fonetika, nə isim, nə də sifət dəyişib. Eyni zamanda ibtidai sinif proqramında da heç nə dəyişməyib.
Yəni, bizim sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə fərqli bir sahədən test tapışırıqları təqdim etməmişik. 20-30 il öncə, hər il onların uşaqlara öydətdiklərindən suallar salmışıq”.
Kamran Əsədov deyir ki, müəllimlər imtahan olunduqları mövzudan, suallardan özləri dərs deyir:
“Həmin mövzulardan onlar uşaqlara KSQ-lər və BSQ-lər hazırlayır. Bu deməkdir ki, həmin müəllimlərin özlərinin öydətdiklərindən, özlərinin dərs keçib maaş aldıqları dərsdən, paraqraflardan suallar salınıb. Çox təəssüf ki, onlar 0-29 arası bal toplayıblar.
Bəli bu yaxşı nəticə deyil. Əlbəttə biz onların yanındayıq. Biz demirik ki, həmin müəllimləri sistemdən tamamilə uzaqlaşdıracıyıq. Dünyada bu təcrübə var. Hətta dünyanın müxtəlif ölkələrində daha sərt qaydalar var.
Azərbaycan humanizm nümayiş etdirdi. Keçən il kəsilənlər üçün yenidən şans verildi ki, öz üzərlərində çalışsınlar. Təkrar sertifikasiyaya gələnlər bir il ərzində onlar öz üzərlərində işləməli və çalışmalı idilər. Amma nə baş verdi? Birmənalı şəkildə biz həmin müəllimlərin öz üzərlərində çalışmadığını gördük.
Bəziləri əyri yolları əl atmaq istədilər. Bal yazdırmaq üçün kimlərəsə müraciət etməyə cəhd edirdilər. Bu, yaxşı yanaşma tərzi deyil.
Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaq ki, onlar uşaqlara dərs keçsinlər. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil. Bu gün bizim müəllimlərimiz 1,6 milyon şagirdə dərs deyirlər. Bu o deməkdir ki, həmin 4 milyona yaxın müəllim nə qədər şagird yetişdirib.
Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik, uşaqlarımızın göstəricilərindən narazılıqq edirik. Çünki onlara dərs deyən müəllimlərin özlərinin kompetensiyaları yüksək deyil.
Ən strateji iki ixtisas var. 1-ci ibtidai sinif müəllimliyi, yəni uşaqların təməlimi qoyanlar. 2- ci isə onlara öz ana dilində oxumağı, yazmağı öyrədənlər yəni Azərbaycan dil ədəbiyyat müəllimləri.
Bunlar ən iki strateji fənndir. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların müəllim olaraq dövlət məktəblərində qalmağında maraqlı olmamalıyıq.
Onlar yenidən növbəti ildən etibarən hamı kimi MİQ imtihanına girə bilərlər. Yəni, heç kim onları sistemdən məcburən uzaqlaşdırmır. Qeyd etdiyim kimi dünya dəyişib. Mövcud qaydalar var və bu qaydalara uyğun rəftar olunur”.
Expert vurğulayır ki, pandemiyadan sonra daha bacarıqlı mütəxəssislər, müəllimlər lazımdır.
” 20-30 ilin müəllimi özünün tədris etdiyi, fənnlərdən ibarət suallara cavab verə bilmirsə, bu yaxşı məsələ deyil.:Heç bir halda onların sertifikasiyası dayandırılmayacaq. Bu proses davam edəcək. Növbət illərdə daha da çətin, daha da sərt olmalıdır ki, biz daha yüksək peşəkar müəllimləri sistemdə saxlayaq. Çünki müəllimlər öz üzərlərində çalışmırdı. Sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına, uşaqların daha yüksək bilik və bacarığ əldə etməsinə gətirib çıxaracaq. Çünki daha peşəkar müəllimlər, onlarla çalışacaqlar” .
Şəbnəm Rəhimova
Gununsesi.info