Sertifikasiyadan keçən həkimlərin sayı açıqlandı

  • By admin
  • 30 Sentyabr 2016 16:00

sertifikasiya

Azərbaycanda indiyədək 22 614 ali və 32 272 orta tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib.

Gununsesi.info-nun məlumatına görə, bunu Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasov qeyd edib ki, bu günə kimi 26860 həkimə və 38000 orta tibb işçisinə imtahana buraxılış vərəqəsi verilib. İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin təxminən 15-18%-ni, orta tibb işçilərinin isə 15%-ni təşkil edir.

M.Abbasov bildirib ki, Azərbaycanda səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə həmin işçilər beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

M.Abbasov əlavə edib ki, 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Bu illər ərzində sertifikasiya prosesini daha da təkmilləşdirmək, şəffaflığı daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 dekabr 2015-ci il tarixli 371 nömrəli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda sənəd qəbulunda və imtahan prosedurasında müəyyən dəyişikliklər etmişdir. Sertifikasiya imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə sms göndərməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır. Qaydaya əsasən, sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 sualdan ibarət olan sual vərəqəsində qeyd olunur. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir.

M.Abbasov qeyd edib ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qaydaya əsasən təhsilini təsdiq edən sənədin və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər: “Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssisələrində çalışan tibb mütəxəssisləri kimi, özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər. Elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir”.

Gununsesi.info