Sevastopolun keçmiş “qubernatoru” Londonda həbs olundu

  • By admin
  • 01 Fevral 2024 14:24

Rusiya tərəfindən işğal olunmuş Sevastopolun keçmiş “qubernatoru” Dmitri Ovsyannikov Böyük Britaniyanın paytaxtı Londonda saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Ovsyannikov sanksiyalardan yayınma və çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb.

Qeyd edilir ki, Ovsyannikov fevralın 20-də məhkəməyə çıxarılacaq. Xüsusilə, o, London bankı “Halifax Bank of Scotland”da hesab açmaqda, orada ümumilikdə 65 min funt sterlinq dəyərində 4 ödəniş etməkdə və cinayət yolu ilə əldə etdiyi 77,5 min funt-sterlinq pulu saxlamaqda ittiham olunur.

Ovsyannikovun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb Böyük Britaniyada onun sanksiyaya məruz qalan şəxs olması və buna görə də pulu tam idarə etmək və maliyyə xidmətlərindən istifadə etmək hüququna malik olmaması olub.

Ovsyannikov 2017-ci ilin sentyabrından Sevastopolun “qubernatoru”dur. O, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən hərəkətlərinə görə dərhal Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalıb. Ardınca Ukrayna da ona qarşı sanksiyalar tətbiq edib.

Bir neçə illik “qubernatorluqdan” sonra Ovsyannikov “öz xahişi ilə” “vəzifədən azad edilib”. Daha sonra o, Rusiyanın sənaye nazirinin müavini olub, lakin 2020-ci ilin aprelində hava limanında xırda xuliqanlıqla bağlı tərtib edilmiş inzibati protokoldan sonra hakim “Vahid Rusiya” partiyasından xaric edilib, iki həftə sonra isə nazirlikdən qovulub.

2022-ci ildə Avropa Məhkəməsi Aİ Şurasının Ovsyannikova qarşı sanksiyaların uzadılması barədə qərarını ləğv edib. Məhkəmə qərara alıb ki, sanksiyaların uzadılması üçün Ovsyannikovun Rusiya rəhbərliyi ilə əlaqələrinə və vəzifəsindən azad edildikdən sonra Ukraynaya sabitliyi pozan təsirə malik olduğuna dair inandırıcı sübutlar lazımdır.

Bu yaxınlarda Aİ Şurası Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini növbəti altı ay müddətinə uzadıb.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı son, 12-ci sanksiyalar paketi 2023-cü ilin dekabrında qəbul edilib və o, digər şeylərlə yanaşı, rus almazlarının ticarətinə məhdudiyyətlər qoyur.

Gununsesi.info