Sevgililər günü yoxsa, dünyada ilk dəfə Bakıda keçirilmiş “Qadın üsyanı” – FOTO

  • By admin
  • 14 Fevral 2024 14:11

“Qadınların qiyamı” Rusiya imperiyası ərazisində ilk dəfə heç də 1917-ci ilin fevralında Sankt-Peterburqda baş verməyib. İlk qadın qiyamının Vətəni Bakı olub. Fevral inqlabından düz 1 il əvvəl – 1916-cı ilin 14 fevralında Bakıda qadınların 3 gün davam edən və qan içində boğulan kütləv etirazları baş verib. Onu sadəcə elə belə də adlandırırlar – Bakıda “Qadın qiyamı” (“Babiy bunt”).

“Naşe Slovo” qəzeti 1916-cı ilin 13 martında yazırdı: “Deputat Cəfərov xəbər verir ki, Bakıda bahalaşma əleyinə tətillər olub. Səbəb Bakıda alverçilərin yaratdığı süni qiymət artımı olub Hər şey bazarlardan başlayıb… Sonradan aparılan istintaqa görə, bir qadın Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib, dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tapdalamağa. Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına hücum çəkiblər, bütün ərzaq məhsullarını küçələrə töküb və daşıyıb aparıblar… Dükançı qadına əl qaldırmaq istəyəndə qadınlar bir-birnə dəstək verməklə başlayırlar qarışıqlıq salmağa. Bir qadın olur 100, hücum edib başlayırlar meyvə, tərəvəz, baqqal, çörəkçi, qəssab dükanlarını dağıtmağa.

Şepelev Aleksey Lavrentyeviç hadisələr haqqında belə yazırdı:

“Çarəsiz qadınların ərzaq dükanlarını, izdihamı necə məhv edirlər, necə də küçələrdə “Çörək!”, “Müharibəyə son!” şüarları səslənməsini xatırlayıram. Qəzəbli jandarmlar və polis əməkdaşları iğtişaşçıları təqib edirlər. Onları heç bir şəkildə sakitləşdirmək mümkün deyildi. Sonra köməyə əli qamçılı kazaklar çağırılır. Əsgərlər bu zaman döyülən qadınların müdafiəsinə qalxır. Əsl müharibə başlayır. Tezliklə qadınların üsyanı Bakı proletariatı tərəfindən dəstəklənir, bolşeviklər tərəfindən dəstəklənir. Neft mədənlərində və neft emalı zavodlarında çalışan işçilər tətil edirlər”.

Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər.

3-gün ərzində Bakını nəzarətdə saxlayan qadınlar və onlarla birgə hərəkət edən yeniyetmə gənclər bazar-dükanı dağıdırlar. Planlı şəkildə hərəkət edən qadınlar iki dəstəyə bölünüb şəhərin zəngin mağazalarına hücum edirlər. Bu qiyamda ən maraqlı bir fakt tarixdə qalıb. Demək, bir dəstə qadın restorana girib yeyib içirlər, əllərində olan dəyənəkləri də yanlarına qoyurlar. İçəri daxil olmağa kişilərin cürəti çatmır. Hesab istəməyə onlardan kiminsə ürəyi gəlməyib. Hətta ofisiant belə onlara qorxaraq yaxınlaşırmış. Yeyib-içəndən sonra bir-birləri ilə zarafatlaşan qadınlar küçədə onları görüb, qaçan polis işçisini qovalayıb tuturlar. Aralarına salıb bir-birlərinə tərəf top kimi polisi atıblar. Polis qorxudan səs çıxara bilməyib. Kişinin ürəyi gedəndə onu yerə tullayıb gülə-gülə ordan gedirlər.

Polisin baş verənlərə münasibəti biganəlik şəklindədir, onlar hətta qadınları tacirlərin əlindən alıb xilas edirlər. Yalnız 4-cü gün qarışıqlıqlar yatırılıb.

Şepelev onu da xatırlayır ki, aranı bir qədər sakitləşdirmək və “vətənpərvərlik hissləri”nə təsir etmək üçün Bakı rəbərliyi və neft maqnatları çarın əmisi Nikolay Nikolayeviçi (Rus ordusunun keçmiş və uğursuz Baş komandanı) Bakıya dəvət etmək qərarına gəlirlər. Bunun üçün Nikolayevski küçəsində tələm-tələsik Zəfər tağı qurulur, yollara fənərlər və bayraqlar düzülür. 1 il sonra isə Bakı qadınlarının taktikasını Sankt-Peterburq qadınları təkrarlayır və çarizm çökür.

Fevralın 17-də artıq qiyamın yatırılması üçün hər şey hazır idi. Həmin gün şəhər küçə döyüşlərinə meydan olur.

Qadınlara qarşı atlı kazaklar və polis odlu silah tətbiq edir. Qiyamı yatırmaq üçün Bakıya təcili Tiflisdən, Petrovskdan (Mahaçqala), Dərbənddən, Yelizavetpoldan (Gəncədən), Teymurxanşuradan (Buynaksk) polis və əsgər hissələri gətirilir. Qafqaz cəbhəsindən ordu, top-topxana yığılır. Qadınların qiyamı yalnız ayın 17-də yatırılır. Cəza dəstələri hücuma keçib, patron əsirgəmədən qadınlara atəş açırdılar. Qiyam nəticəsində 9 nəfər ölüb, 55 nəfər yaralanıb, şəhərə 2 milyon 957 min manat ziyan dəyib.

Manaf Süleymanov bu rəqəmləri kiçildilmiş, təhrif olunmuş sayır. Onun sözlərinə görə, əslində ölən və yaralananlar xeyli çox idi, o cümlədən, polislər və əsgərlər arasında da ölənlər vardı.

Bakıda qadınların üsyanı fevralın 14-də baş versə də, bu barədə ilk xəbər fevralın 25-də Bakı şəhərinin müvəqqəti hərbi qubernatoru general-qubernator Martınovun açıqlaması ilə mətbuatda çıxdı. Martınov açıqlamasında üsyançıları talançı və təcavüzkar adlandırır. O, əslində Bakıda qiymətlərin Rusiyanın digər şəhərlərinə nisbətən daha ucuz olduğunu bəyan edərək qadınları vəhşilikdə və digər şəhər sakinlərinə zərər verməkdə ittiham edib.

Onun bu çıxışına qarşı Moskvada nəşr olunan “R. Vedemosti” qəzeti yazır: “İndiki böyük müharibədə böyük ticarət və sənaye mərkəzi olan Bakı kimi mühüm bir şəhərdə baş verən hadisələr vətənin böyük marağından irəli gəlir. Bunun nə qədər zərərli olduğu hər kəsə məlum olan bir fakt olmalıdır. Lakin o, “Bakı talanına vaxtında belə haqq qazandırılmadı” deməklə hadisənin ciddiliyinə diqqət çəkməyə çalışırdı.

Üsyan nəticəsində dövlətin qəbul etdiyi qərarlardan biri də Bakının Hərbi Qubernatoru Martınovun vəzifədən azad edilməsi oldu.

Zaur Əliyev, dosent 

Gununsesi.info