Sevgilisinə vəzifə verən Baş nazir istefa verdi – FOTO

  • By admin
  • 06 Mart 2024 12:28

Peruda baş nazir Alberto Otarola ona qarşı korrupsiya ittihamları ilə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Otarola mətbuata açıqlamasında prezident Dina Boluarte ilə görüşündən sonra baş nazir vəzifəsindən istefa verdiyini bildirib.

Otorala Perunun keçmiş prezidenti Martin Vizkarranı ittiham edib. “Hökuməti sakitləşdirmək üçün bu qərarı verdim. Bütün araşdırmalara açığım və bütün bunların arxasında cənab Martin Vizkarranın dayandığına heç bir şübhəm yoxdur”, – o bildirib.

Baş nazir ona qarşı irəli sürülən korrupsiya iddialarını “heç bir şəkildə” qəbul etmədiyini vurğulayıb.

Otarolanın keçmiş həyat yoldaşı ilə telefon danışığının səs yazılarının üzə çıxmasından sonra hərəkətə keçən prokurorluq baş nazirə qarşı korrupsiya iddiaları ilə bağlı ilkin araşdırmaya başlanıldığını açıqlayıb.

Peru KİV-lərinin məlumatına görə, Otarola həm də keçmiş biznes ortağını dövlətlə qeyri-qanuni müqavilə bağlamağa yardım etməkdə ittiham olunur.

Yerli mətbuatın yazdığına görə, Otarolanın sevgili olduğu qadına dövlət vəzifəsi verdiyi üzə çıxıb. Həftəsonu yayımlanan xəbərlərdə Panorama TV bu qadına hökumətdə iş verdiyini bildirib və ikisi arasında səs yazısı da yayımlanıb.

Səs yazılarında Otarolanın adı Yazire Pinedo olduğu öyrənilən 25 yaşlı qadına arxiv və dövlət işlərinin idarə olunması üçün 14 min dollar dəyərində iş verdiyi ortaya çıxıb.

İddialardan sonra yerli mətbuata açıqlama verən Pinedo ona qarşı irəli sürülən ittihamları təkzib edib. Pinedo Otarola qarşı plan hazırlandığını və bu planı hazırlayanların məqsədinin Otarolanı vəzifəsindən uzaqlaşdırmaq olduğunu bildirib.

Rinedo bu barədə ölkənin “Canal N” telekanalına danışıb: “O vaxt sevgili idik və 2021-ci ilin yanvarı idi. Bir həftədən az sürdü, amma dostluğumuz hələ də davam edir. Öz səsimi və Otarolanın səsini tanıdım, amma bu səs saxta idi”.

Otarola ona qarşı irəli sürülən ittihamları rədd etsə də, səs yazısının 2021-ci ildə lentə alındığını və o vaxt hökumətdə işləmədiyini bildirib. Siyasətçi səs yazısının manipulyasiya edildiyini də iddia edib.

 

Gununsesi.info