Sevinc Telmanqızı Zaurun hamam xalatiyla efirindən yazdı- HAMAMDAN EFİRƏ

Sevinc Telmanqızı Zaurun hamam xalatiyla efirindən yazdı

Əslində sosial şəbəkədəki bu hay-küy, “qoyma, qaçdı” ab-havası olmasa, çoxumuz xəbər tutmayacaqdıq ki, aparıcı Zaur efirə hamam xalatı ilə çıxıb. Hamımız da kinonun ortasından ona baxan tamaşaçı kimi çaş-baş qaldıq. Bilmədik, bu verilişdir, ya səhnəcik? Verilişdirsə, bu adam gündə niyə bir dona girir? Səhnəcikdirsə, tamaşanın qalanı hardadır? Üstəlik, aktyor da deyil axı. Harda, hansı rolda çəkilib bu günə qədər? Bəlkə bir serialda oynayıb, ya da yaddaqalan, yaddaqalmayan bir filmdə? Adam aparıcılıq etməyə iddialı olub, onu da əlinə-üzünə bulaşdırıb.

Lənət şeytana, əda ilə, forsla hamının yanında “mən yerli kanallara baxmıram” desək də, sosial şəbəkə sayəsində milli efirdə baş verən bütün proseslərdən xəbərdar oluruq. Kim kimi efirdə söydü, hansı aparıcı yıxıldı, dalaşdı… İndi də bu. Adam tüklü ayaqlarını gözümüzə soxa-soxa hamam xalatında efirə çıxmasaydı, bütün bu həngamə də olmayacaqdı. Təbii ki, camaatı bunda qıcıqlandıran məqam təkcə Zaurun hamam xalatı olmadı. Biz Yaşar Nurini tamaşasında hamam xalatında, Rəfael Dadaşovu da qadın paltarında görən tamaşaçılarıq. Amma ortada sənət adına bir nümunə olanda heç kimin səsi də çıxmayıb. Rəhmətlik Yaşar bəy “Yaşıl eynəkli adam”da qəhrəmanı Kazımı elə məharətlə ifa etmişdi ki, bəlkə də çoxumuzun yadında o xalatlı qalmamışdı. Gözəl ifası, məzəli replikaları, bir də kəkələmələri ilə xatırlayırıq o səhnəni. Rəfael Dadaşov da onun kimi. Necə deyərlər, ortada sənət varsa, gerisi təfərrüatdır.

Amma günün qəhrəmanına çevrilən bu cütlük… Deyəsən daha öncə də arvad ərinin belinə çıxmışdı. Bəli, bəli, Günay Zaurun belinə çıxmış, bununla da Allah qoymasa, qadının gücünü ifadə etmişdi. Yenə bəsit, duzsuz formada, yenə tamaşaçının intellektini aşağılayacaq səviyyədə. Həmin vaxt da hay-küy qopmuşdu. Sonrası? Heç nə. Biz onları izləmədik, onların da vecinə olmadı. Bir də növbəti hay-küy çıxana qədər. Yəni, bu, adamların stilinə çevrilib. Bəzi saytlar xəbəri oxutmaq üçün əcaib-qəraib, kontekstdən çıxarılmış başlıqlar qoyduqları kimi, bunlar da izlənmək üçün belə yola baş vururlar. İntellekt, yaradıcılıq olmayan yerdə mənzərənin belə olması da başadüşüləndir. Amma yalançı başlıqlar verən saytlara bir dəfə aldanan oxucunun növbəti dəfə onu necə oxumursa, bu verilişlərin yaratdığı effekt də elədir. Bu gün hamam xalatında çıxan… sabah nə edər sualı… inanmıram ki, kimlərisə ekrana maqnitləyə.

Ötən günlərdə Türkiyənin teleefirində də iki qalmaqal baş verdi. Birini Seda Sayan, o birini Hülya Avşar qopardı. Məsələn, Seda Sayan verilişinə gələn bir manekenə ana olmaq üçün niyə sperm bankasına müraciət etmək istəməsinin səbəbini soruşdu. Cavabı eşitmədən “tikintilərdə aslan kimi kişilər var” deyib, inşaat işçilərini sətiraltı aşağıladı. İnşaat İşçilərinin Hüquqlarını Müdafiə Komitəsi “biz damazlıq deyilik” deyərək, müğənnini məhkəməyə verdi, günlərlə telekanalları gəzdi. Hülya Avşar da aktyor Mehmet Aslantuğla verilişində qadının evdə oturub, uşaqları böyütməsinin, evi idarə etməsinin, kişinin də çalışmasının vacibliyini dedi. Bu dəfə də Türkiyədəki fikirlər ikiyə haçalandı, feministlər ona qarşı qalxdı, aləm dəydi. Amma hər iki qalmaqalda, şou yaratmaq cəhdində bir Türkiyə tablosu çıxdı üzə, ictimai fikir hansısa bir formada müzakirələrə dəvət edildi, haçalandı, silkələndi.

Yəni, dünyadakı TV şou məkanı hamam xalatında verilişə çıxmaq ənənəsini çoxdan geridə qoyub. Bu, keçilmiş, çeynənmiş, gözləri yormuş bir mərhələdir. Bizimkilər isə həm demodedilər, həm də yaradıcılıq duyğuları sıfırın altındadır. Bir gün gəncləri evləndirən aparıcı növbəti gün insanların göz yaşlarından, faciəvi həyatlarından reytinq qazanırsa, üçüncü gün hamam xalatında efirə çıxmaq lüksü olmamalıdır. Çünki bu halda inandırıcılığı, efir ciddiyyəti, xarizması olmaz. Bilmirəm, daha öncədən bu sadaladıqlarım həmin aparıcılarda vardı, ya yox. Mən qaydanı deyirəm. Siz nə zamansa insan taleləri ilə bağlı veriliş aparmış bir aparıcının başqa bir layihədə qeyri-ciddi görünüşdə tamaşaçı qarşısına çıxdığını görmüsüz? Dünya TV-ləri aparıcı avtoritetinə, onun efir hakimiyyətinə ciddi önəm verirlər. Bəlli cizgilər var: sən ya şou biznes aparıcısısan, ya da ciddi sosial verilişlərin. Əks halda belə gülməli, naqolay durum yaranır.

Amma naqolaylıq təkcə o deyil ki, kimsə efirə xalatda çıxıb. Seçkiyə 1 aydan da az qalmış müddətdə, ölkədə minlərlə problemin olduğu bir vaxtda, bizim müzakirəmizin bir hamam xalatı ətrafında olmasıdır faciə. Baş nazirin öz hesabatında Azərbaycan dilinin anasını ağlar günə qoymasıdır hadisə. Bayramqabağı fantastik bahaçılıq, müxalifətin gülüş doğuran zəifliyi, təhsilimizdəki bəlaların evimizə qədər gəlib soxulmasıdır müzakirə olunacaq məsələlər.

Bizsə Zaurun hamam xalatından narazıyıq. Ola bilsin ki, gizlidən-gizliyə qorxuruq. Bəlkə gələn dəfə onu da geyinməyəcək?

Sevinc Telmanqızı

Gununsesi.info

COMMENTS