
Xəbər verdiyimiz kimi Abazasnedia.org saytının baş redaktoru Sevinc Vaqifqızı Avropadan Azərbaycana gələrkən hava limanında saxlanılıb.
Onun Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı deyilir.
Gununsesi.info-nun xəbərinə görə, tanınmış jurnalist Aytən Məmmədova həmkarı Sevinc Vaqifqızı haqqında yazıb.
Onun sosial şəbəkə hesabındakı qeydini təqdim edirik:
Bilirsiniz necə ağırdır?! Təsəvvür edin, dürüstlüyü, cəsarəti, prinsipiallığı, gözütoxlu olması ilə nümunə olan jurnalist dostunu – Sevinc Vaqifqızını tutublar, sənin də gücün göz yaşından başqa heç nəyə çatmır.
Sevinc tutulacağını bilirdi, Avropanın ən yaxşı ölkələrindən birində qalmaq imkanı da vardı. Buna baxmayaraq, Bakıya gəlirdi. Noyabrın 21-nə keçən gecə təyyarə yerə düşən kimi gəlib aparıblar…
Qayıtmasaydı, Sevinc olmazdı ki… Dostunu, yoldaşını darda tək buraxmaq onluq deyil. İndiki halda, Ülvi həbsdə olsun, Sevinc qayıtmasın – onluq deyil.
Çox güman ki, Sevinci də maliyyə cinayətində ittiham edəcəklər. Sevinci tanıyanlar yaxşı bilir ki, onun haqq-hesabında bir manat da o yan-bu yan ola bilməz. Birlikdə hansısa kafedə, restoranda əyləşəndə belə, kimsə onun əvəzinə pul verəndə dava-qırğın qoparar.
Onun üçün həqiqət hər kəsdən, hər şeydən irəlidir. Hətta ən yaxınının belə, yanlışını görsə, ona bağışlamaz.
Bizim Sevinc belə Sevincdir. Nə yaxşı ki, varımızdır…
Aytən Məmmədova