
Azərbaycanda çox şey çətindir. Əvvəla, ən çətini yaşamaqdır ki, bunu qismən bacaran adamlar da bəzən özlərini itirirlər. Nə sirri-xudadırsa, heç kim, heç bir şəkildə özünü pis görə, özü ilə bağlı aşağı fikirlərdə ola bilmir. Hamı öz işində ən yaxşı olduğunu, hər şeyin ən düzünü özünün etdiyi düşünür. Kim kimi harada tutdusa, qarşılığını gördüyü işə görə mütləq əlüstü bir minnət də vurur.
Ölkənin şərtləri doğrudan da ağırdır və bu şərtləri qəbullanan adamlar, gərək ki, mənfi qarşılıqları ilə də razılaşa bilsinlər.
Məsələn, Azərbaycanda ən çətin şeylərdən biri də, kimisə əməllərinə görə tənqid, ittiham etməkdir. Aşağı buynuzlu məmurundan tutmuş, fəhləsindən keçmiş ta iribuynuzlu məmurunadək hər kəs özünü haqlı sayır, heç kimə sözünü demək olmur.
Necə deyərlər, insan gərək bir az talehi ilə barışmağı bacarsın.
Tutalım, Azərbaycan Yazıçılar Birliyi adlı mənasız fəaliyyətlə məşğul olan qurumu, onun bir o qədər də mənasız sədri Anarı tənqid edirsən, deyirsən ki, bəs belə olmaz, axı ədəbiyyatı bu cür inkişaf etdirməzlər, ay Anar, bəsdir daha, əl çək kresloda ölmək sevdandan. Amma kimə deyirsən? Xeyri yoxdur.
O dəqiqə deyirlər:
“Anar olmasa nə olacaq?”, “Anar kimin əlindən tutub ki, yazma?”, “AYB Anara görə ayaq üstündədir” və.s və.ilaxır.
Heç cür də sübut etmək olmur ki, ey ədib, ey şair, ey yaltaq bəndə, məsələ də budur ki, buna bu cür yanaşmaq olmaz.
Məsələn, deyirsən ki, Səməd Vurğun yaxşı şair idi, Azərbaycan ədəbiyyatına, dilinə xidmətləri olub. Lakin o, eyni zamanda da yaltaq idi, xeyli çirkin, qeyri-insani əməlləri belə olub.
Bu dəfə də deyirlər:
“Sən o dövrdə yaşamamısan”, “ Şərtlər onu tələb edirdi” və.s və.ilaxır.
Yenə deyirsən ki, axı hansı şərt bir insana ləyaqətsiz olmaq üçün dəlalət edir? Niyə imkan vermirsiniz ki, düzə düz, əyriyə əyri deyək? Niyə hər məsələdə hansısa fərdi mənasız bəhanələrə sığınırsınız?
Rejissoru çəkdiyi filmə görə tənqid edirsən, razılaşmır. Deyir, büdcəm azdır. Deyirsən, yaxşı, bəs bunun tamaşaçıya nə dəxli var? Əlbəttə, yenə də nəsə tapıb deyirlər, amma qəti şəkildə razılaşmaq əxlaqı yoxdur.
Siyasətlə məşğul olan adamı hansısa siyasi gedişinə görə tənqid edirsən, o da deyir, mənim etdiyimin bir faizi et, sonra danışaq. Dediyimi kimi, hamı hamıya minnət vurur.
Şairi, yazıçı hansısa əsərinə və əməlinə görə tənqid edirsən, o da deyir, sən məni başa düşmürsən.
Taksiyə söz deyirsən, nəsə deyir.
Bircə istisna da yoxdur ki, deyəsən belə. Hansısa hadisədə heç bir qurum etdiyi səhvi boynuna almaq istəmir. Elə bilirlər, razılaşmaq, üzr istəmək əxlaqsızlıqdır və bunu edən adama barmaq edirlər.
Halbuki sadə bir məntiqdir. Xüsusi ilə Azərbaycan kimi ölkədə ictimai-siyasi fəaliyyətlə məşğul olan adam, gərək tənqidə, hətta təhqirə də dözümlü olsun. Vəzifəyə gələn adam bilməlidir ki, o, rüşvət alanda, qanunsuzluq edəndə onu söyəcəklər. Lap hətta etməsə belə mövcud şərtlərə görə yenə söyəcəklər. Bunu qəbullanmaq başqa yol yoxdur.
Qəribədir ki, hər şeyə sahib olmaq istəyən adamlar həm də hamı tərəfindən sevilmək istəyir. Heç kimə də təbii olaraq heç nəyi izah etmək olmur. Deyirsən ki, tutalım bu adam hansısa şeylərə görə bu həyatda hər şeyi əldə edib və hamıda bilir ki, o, əslində, əldə etməyib, əlində olanı nəyinsə qarşılığında ona veriblər.
Bəs olmazmı ki, bir nəfər də bəyənməsin? Məsələn, Xalq şairi, pafoskar Ramiz Rövşəni xeyli məsələdə tənqid edirsən, deyirlər, nə olacaq? Nə işin var? Yenə də izah edə, deyə bilmirsən ki, olarmı mən sevməyim? Məgər mənim belə bir haqqım yoxdurmu?
Axı necə ola bilər ki, bir şəxs talançılıqla məşğul olsun, ən yaxşı armudu, ən yaxşı balı özü yesin, bir acından ölən də ona heç nə deyə bilməsin? Məgər görümürsünüz ki, saxta sevgi qazanmaq mümkün deyil? İnsanın mənəvi azadlığının pozulması həm də budur. Sözün həqiqi mənasında sən sevməyə bilmərsən. Deyirlər, mütlə sev, başa düş, göz yum, kəs səsini!
Əlbəttə, siyahını, misalları uzatmaq olar. Lakin hal-qəziyyə heç cür dəyişmir. Bu ölkədə hamı ən haqlı, ən düzgündür. Adamı rahat şəkildə sevməməyə də qoymurlar, sevmək isə olmur.
Əslində, bu ölkədə elə sevgini də saxtakarlıqla qazanmaq olar, amma həqiqət budur, o, bir gün mütləq yox olacaq.
Orxan Saffari