Seyid cəddinə inanan kimi, Alim müəllim də səsinə inandı - Del Gerani Alim Qasımovu tənqid etdi

  • By Admin2
  • 11 İyun 2025 16:19

“Alim Qasımov toyda rep deyib. Yaxşı eləyib. Bizə bu da azdır. Sözüm onda yox. Adiliyin təntənəsini tapıb, yaşayır özü üçün. Alilikdə təntənə olmur onsuz da”.

Gununsesi.info xəbər verir ki, bu sözləri şair Şəhriyar Del Gerani deyib.

O, xanəndəni toyların birində rep dediyini görə tənqid edib:

“Seyid cəddinə inanan kimi Alim müəllim də səsinə inandı, Allahın bəxş etdiyi istedadın üstünə bir qram bilgi, bir damcı intellekt qoymadı bu fani ölkədə. 90% muğam ifaçıları, misal, Alim müəllim də nə oxuduğunu sözün həqiqi mənasında bilmədi, bilmir. Baxırsan ümumən xanəndə əhlinə, görürsən gül kimi səsi, avazı, musiqi duyumu, di gəl, ədəbiyyatdan, şeirdən, qəzəldən min yol uzaqda dayanıb əksəriyyəti. Bilgisizlik də elə bir axmaq şeydir ki, ağzını açan kimi çənəndən axıb büsbütün üst-başına tökülür, ifadəmə görə üzr istəyirəm, qusuntu effekti yaradıb biabır eləyir adamı”.

Şəhriyar Del Gerani həmçinin deyib:

“Hardasa, olardı 6-7 il qabaq. Fərqanə xanımla Sevda Ələkbərzadəni eyni kontekstdə tənqid etmişdim. İncimişdilər. Hətta Fərqanə xanım açıqlama vermişdi ki, “Bu, şəxsi qərəzdir”.

Nə deyəsən?

İndi Alim bəy də rep deyib, öz işidir. Amma könül istərdi belə sənətkarlar öz obrazlarına xələl gətirməsinlər. Elə olsun, Füzulidən oxuyanda adam inansın ona. Dəyərli sənətkar dostumuz Mənsum İbrahimov saat reklamına çəkiləndə də reaksiya vermişdim, yanlış anlaşılmışdı.

Vallah, kefimdən etmirəm, təəssübünü çəkirəm deyə edirəm. Muğamsız, demək olar, bir günüm də yoxdur. Barmaqsayı sənətkarlar da belə edəndə, zərbə ən çox bizim kimi həssas adamlara dəyir. Rep də gözəldir, əladır. Amma yaxşı olardı repi Xose desin, Qaraqan, Uran, PRoMete, Xpert, Paster desin, Buzz, Rio, Saybu desin, Alim Qasımov yox.

Sənətkar üçün obraz ən vacib nəsnələrdəndir. Dədə Qorqud cins şalvar geyinə bilməz. Açığı, buna heç haqqı da yoxdur! Amma bu gedişlə, Alim Qasımov sabah cin çıxartsa, təəccüblənmərəm…”

Gununsesi.info