Şeyx Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

  • By Mayil
  • 02 Noyabr 2016 17:40

seyx

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezlə görüşüb.

QMİ-dən Gununsesi.info-ya verilən məlumata görə, A.Paşazadə Fransaya səfərləri zamanı ölkənin müsəlman din xadimləri görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırladıb, ölkə barədə təəssüratlarını bölüşüb. Şeyxülislam iki ölkə arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirib.

QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışıb. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan dünyada dini və məzhəb ayrıseçkiliyinə yol verilmədiyi, şiələr və sünnilərin eyni məsciddə bərabər namaz qıldığı nadir məkanlardandır. Ölkədə müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qaygısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir. Şeyxülislam vurğulayıb ki, bu, Azərbaycanın həyat tərzidir, dövlət başçısının vətəndaşlar üçün yaratdığı şəraitin bəhrəsidir.

Səfir Azərbaycanda fəaliyyətə başladığı dövr ərzində ölkəmizdə müşahidə etdiyi dini tolerantlıq mühitindən, Ramazan ayında şeyxülislamın iqamətgahında iştirak etdiyi müqəddəs iftar süfrəsindəki abı-havadan rəğbətlə söhbət açıb.

QMİ sədri Fransa səfirini Azərbaycanın dini-mənəvi həyatı ilə bağlı maraqlandıran sualları cavablandırıb.

Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak edib.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.

Gununsesi.info