
Orxan Mansurov: “Ölkədə hamının təhlükəsizliyi qorunur”
İŞİD terror təşkilatının Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadəni terrorla təhdid etməsi gündəmin əsas mövzularından birinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, biz bu tipli məlumatı ciddi qəbul etmirik: “Eyni zamanda onu deyə bilərəm ki, ölkəmizdə təhlükəsizlik məsələlərinə ciddi önəm verilir. Həmçinin hörmətli Şeyx həzrətlərinin təhlükəsizliyi həmişə olduğu kimi, bu gün də lazımi səviyyədə təmin olunur. Bundan əvvəl də Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində kimlərsə məqsədli şəkildə müxtəlif şayiələr, heç bir əsası olmayan, qeyri-ciddi məlumatlar yayaraq Azərbaycanda ictimai-siyasi durumu neqativ fonda təqdim etməyə çalışırdı. Lakin bu cəhdlər heç vaxt hədəfə çata bilməz. Çünki Azərbaycan təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi ölkədir, bütün məsələlər aidiyyəti orqanların nəzarətindədir. Azərbaycan ictimaiyyəti də bunu görür və yüksək qiymətləndirir.”
Komitə rəsmisinin nə deməsindən asılı olmayaraq, Şeyxin həyatı üçün təhdid ciddi qəbul olunmaldır. Bu təhdidin qanlı örgüt olan İŞID-dan gəlməsini nəzərə alsaq, o zaman məsələyə daha ciddi yanaşmaq vacibdir.
Bəs görəsəsən, DİN bu təhdidlə bağlı addımlar atacaqmı? Şeyxin təhlükəsizliyi necə qorunur?
Gununsesi.info-nun bununla bağlı sorğusunu cavablandıran DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurov bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu deyib:“Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi qorunur. Amma mən konkret bu məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmirəm.
Gülnaz Qənbərli