Şeyx “Nobel”ə namizəd oldu

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə 2022-ci il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Gununsesi.info xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov deyib.

Bəybala Ələsgərov bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin namizədliyi sülh sahəsindəki xidmətlərinə görə irəli sürülüb:

“Onun sülh sahəsindəki xidmətləri olduqca böyükdür. Onlardan sadəcə ikisini deyə bilərəm. Birincisi, Şeyx həzrətlərinin Çeçenistan-Rusiya müharibəsinin dayandırılmasında danılmaz xidmətləri var. O, dövrün siyasi liderləri ilə danışıqlar apararaq bu sülhə nail olub. İkincisi, Aşura mərasimində şaysey-vaxseyin, zəncirvurmanın əvəzinə qanvermə aksiyasını təşkil edərək humanist bir təşəbbüsə imza atıb. İndi insanlar qanvermə aksiyalarına qatılaraq minlərlə insanın həyatlarını xilas edirlər. Üçüncüsünü də deyə bilərəm, cənab şeyx şiə-sünnü məsələsini aradan qaldırılmasında müstəsna rol oynayıb. İlk dəfə onun təşəbbüsü ilə vəhdət namazı qılınıb. Bunlar bütün insanlıq və dünyada sülhün təmin olunması istiqamətində böyük töhfələrdir”.

İndiyə qədər şeyxin 3 dəfə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən Allahşükür Paşazadənin niyə bu mükafatı ala bilməməsinə Ələsgərov belə vacavab verib:

“Açıqlaya bilməyəcəyim səbəblər var. Amma onu deyə bilərəm ki, növbəti mərhələlərdən keçmək üçün bir sıra prosedurlar həyata keçirilməlidir. Pul köçürmələri olmalıdır. Şeyxin namizədliyi ilə bağlı pul köçürmələrində müəyyən gecikmələr olmuşdu. Bu da Nobel Komitəsində şeyxin namizədliyi ilə bağlı müzakirələrin keçirilməsinə maneələr yaratmışdı. Prosedur belədir. Həmin məbləğ isə ölkə üzrə minimum əməkhaqqının nisbəti üzrə hesablanır. Ona görə də əvvəlki illərdəki namizədlik məsələləri sırf texniki səbəblərə görə alınmamışdı. Bu dəfə pul köçürmələri ilə bağlı məsələlər öz həllini tapdı. İndidən Nobel Sülh Mükafatını kimlərin əldə edəcəyini söyləmək çətindir. Ümid edirik ki, Şeyx həzrətləri bu nominasiya üzrə uğur qazanacaq. Çünki, o, buna layiqdir”.

Qeyd edək ki, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Mükafatının Sülh nominasiyası üzrə 2019, 2020 və 2021-ci illərdə də namizədliyi məhz Bəybala Ələsgərov tərəfindən irəli sürülüb.

Gununsesi.info