“Şifa” xəstəxanasında kabus yaşanır: Dronlar hərəkət edən hər şeyi vurur

  • By admin
  • 15 Noyabr 2023 15:01

İsrail ordusu Qəzza zolağında “Şifa” xəstəxanasının bir hissəsinə qarşı hərbi əməliyyata başladığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee “X” sosial media platformasındakı paylaşımında Şifa Tibb Mərkəzinin müəyyən hissəsinə qarşı hərbi əməliyyat keçirildiyini bildirib.

Adraee əməliyyatın vətəndaşları, tibb qruplarını və xəstəxanada olan xəstələri hədəf almadığını deyib.

“Şifa” xəstəxanasının ortopediya şöbəsinin müdiri Adnan Barş “Əl Alam” radiosuna bildirib ki, “İsrailin pilotsuz uçuş aparatları xəstəxananın içərisində hərəkət edən hər şeyi vurur”.

Xəstəxananın başqa bir jurnalisti Cihad Əbu Şanab “Al Jazeera Arabic” telekanalına deyib ki, xəstəxana binalarında insanlar “qorxudulub, vəhşicəsinə sorğu-sual edilib və alçaldılıblar”.

O, hücum başlayandan bəri xəstəxananın içindəki səhnələrin “kabus” olduğunu bildirib.

“Onlar kompleksə hücum etməzdən əvvəl bütün mərtəbələri, generatorları, rabitə blokunu hədəfə aldılar və indi bizim xarici dünya ilə əlaqəmiz yoxdur”, – deyə o əlavə edib.

İnternetdə paylaşılan video görüntülərdə tibb işçiləri və könüllülərin İsrail ordusunun basqınından qorumaq üçün “Şifa” xəstəxanasında körpələri bir palatadan digər palataya köçürdükləri əks olunub.

“Al Jazeera Arabic” telekanalının məlumatına görə, İsrail qüvvələri Əl-Şifa xəstəxanasını canlı güllələrdən atəşə tutur.

Xəstəxananın işçiləri bildiriblər ki, İsrail ordusu dərman anbarını bombalayıb və tibbi avadanlıqları məhv edib.

İsrail ordusunun “Şifa” xəstəxanasına hücumu 8 saatdır ki, davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri çərşənbə günü bildirib ki, İsrail qüvvələrinin binaya basqın etməsindən sonra təşkilatın Qəzzadakı “Şifa” xəstəxanasının tibb işçiləri ilə əlaqəsi kəsilib.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus “X” sosial media platformasında yazıb: “”Şifa” xəstəxanasına hərbi hücumla bağlı xəbərlər son dərəcə narahatedicidir”.

“Biz xəstəxananın tibb işçiləri ilə əlaqəmizi yenidən itirdik. Biz onların və xəstələrinin təhlükəsizliyindən çox narahatıq”, – o əlavə edib.

Gununsesi.info