“Fələstin silahlı müqavimətinin yerləşdiyi iddia edilən “Şifa” xəstəxanasına İsrail ordusunun hücumları zamanı bu tibb kompleksinin ərazisindən bir güllə belə atılmayıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza zolağındakı xəstəxanaların baş direktoru Məhəmməd Zəkkut “Əl-Cəzirə” telekanalının efirində bildirib.
Baş direktor qeyd edib ki, İsrail hərbçiləri xəstəxanadan “təhlükəsiz” çıxış yolu olan dəhlizlə çıxanlara atəş açıblar.
“İşğalçı ordu öz qoşunlarının “Şifa” xəstəxanasına daxil olmasının onlar üçün qələbə olacağına inanırdı, lakin müqavimətin olduğuna dair heç bir dəlil tapa bilmədi”, – Zəkkut deyib.
Fələstin rəsmisi bildirib ki, İsrail qüvvələri cərrahiyyə və təcili yardım otaqlarına daxil olub və hazırda xəstəxananın zirzəmisində axtarış aparır.
Zəkkut qeyd edib ki, xəstəxana rəhbərliyi mövcud vəziyyətlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətini məlumatlandırsa da, hələlik heç bir cavab almayıb.
Günlərdir ki, İsrail minlərlə yaralının müalicə olunduğu və məcburi köçkün fələstinlilərin sığındığı Qəzza zolağında ən böyük tibb kompleksi olan “Şifa” xəstəxanasına hücumlarını artırıb.
Gununsesi.info