Sığorta bazarı 15% artıb

  • By admin
  • 28 Oktyabr 2016 09:40

sigorta

Cari ilin 9 ayı  ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanıb.

Bu barədə məlumat Gununsesi.info-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən verilib.

 MBNP  2016-cı ilin 9 ayı üzrə ölkənin sığorta sektorundakı vəziyyətlə bağlı hesabat yayıb. MBNP-nin hesabatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 milyon manat və ya  15,1% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 31% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin 9 ayı ərzində  könüllü sığorta növləri üzrə haqlar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8 və 125,4 milyon manat təşkil edib. İcbari sığorta növləri üzrə haqlar 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 və 41,5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 milyon manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artıb. Həyat sığortasındakı yığımların 52,7% və ya 61 milyon manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artıb.

Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlərin həcmi isə 1% artıb. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artıb. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməmiş və sığorta ödənişləri edilməyib.

 

Gununsesi.info