VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

24 Sentyabr 2017

17 İyul 2017 - 13:14

Silahlı Qüvvələrdə Şah İsmayıl Xətainin 530 illiyi qeyd edilib- FOTOLAR

4c092dfa6a4362ba53147fa05b8a2abe

Adı Azərbaycan xalqının yaddaşına qüdrətli sərkərdə, dövlət xadimi, şair və sənətin yorulmaz hamisi kimi həkk olunmuş Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də geniş qeyd edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Gəncə qarnizonundakı hərbi hissələrdən birində keçirilən “Ulu şahım, qılıncına söykənim!” adlı vətənpərvərlik tədbiri başlamazdan öncə qonaqlar və şəxsi heyət Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi Azərbaycan tarixində mövcud olan dövlətlərin bayraqlarından ibarət sərgi ilə tanış olublar.

Sərgidə Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Eldənizlər, Cəlairlər dövlətlərinin, İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Şəki xanlıqlarının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan SSR-in bayraqları nümayiş etdirilib, hər bir bayrağın rəngi və simvolları barədə ətraflı məlumat verilib.
Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin, ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, əməkdar incəsənət xadimi Abdulla Qurbani Şah İsmayıl Xətainin 36 illik ömür yolundan, onun Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Elm, mədəniyyət xadimlərinin Şah İsmayıl Xətai haqqında fikirləri səsləndirilib.

Qeyd edilib ki, Şah İsmayıl qurduğu qüdrətli Azərbaycan dövlətinin daha da çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib, daima xalqın arasında olaraq xalqın rifahı üçün çalışıb, onların dərd-sərinə şərik olub. Xətainin apardığı müharibələr vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlib. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirib, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı naminə böyük işlər görüb: “Xətainin yaşadığı dövrdən beş əsrdən də çox bir vaxt keçməsinə baxmayaraq, o, qüdrətli sərkərdə kimi xatırlanır, öyrənilir və yeni nəsillərə örnəkdir. Xətai şeirləri zamanında döyüşçüləri qəhrəmanlığa, qələbəyə ruhlandırdığı, insanları mənəvi saflığa, vətənə, dövlətə sədaqətli xidmətə çağırdığı kimi bu gün də aktualdır, müasirdir”.
Nəzərə çatdırılıb ki, Şah İsmayıl qeyri-adi fiziki gücə malik, dövrünün döyüş taktikasına və silahlarına yaxından bələd olan bir sərkərdə, həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir dövlət başçısı, həqiqət yolundan zərrə qədər kənara çıxmayan dərin düşüncə qabiliyyətli nəcib insan olub. O, tərəfdarlarına qarşı həmişə sədaqət nümunəsi nümayiş etdirib, dönüklüyə, vətənə, dövlətə xəyanət edənlərə nifrət edib və bu xüsusiyyətlərinə görə tərəfdarları ona dərin hörmət bəsləyib və inanıblar: “Xətai əsgərlərinin bir çoxu hətta döyüşə yalın əllə – dəbilqə və zirehsiz giriblər. Onlar əmin olublar ki, Şah İsmayıl canı qədər sevdiyi əsgərlərini döyüş meydanından sağ-salamat çıxaracaq”.
Tədbirdə qədirbilən Azərbaycan xalqının və dövlətinin Şah İsmayıl Xətainin adını hər zaman əziz tutduğu, əbədiləşdirdiyi vurğulanıb. Paytaxt Bakıda dahi şəxsiyyətin abidəsi ucaldılıb, rayon, qəsəbə, küçə, təhsil ocaqları, Bakı Metropoliteni metrostansiyalarından biri Xətainin adı ilə adlandırılıb. “Şah İsmayıl Xətai” ordeni təsis edilib.

Şah İsmayıl Xətainin qiyafəsində Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Novruz Cəfərovun gəlişi, şəxsi heyəti salamlaması, tədbir iştirakçılarına Azərbaycan naminə uğurlar arzulaması, xalqı və ordunu ümumi düşmənə qarşı mübarizədə ölkənin baş sərkərdəsinin ətrafında bir nəfər kimi birləşməyə səsləməsi, qazilərə ünvanladığı şeirlər, çağırışlar alqışlarla qarşılanıb. Xalq şairi Məmməd Arazın “Ulu şahım, qılıncına söykənim!” şeiri həyəcanla dinlənilib.
Ziyalılar adından danışan Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova bu kimi tədbirlərin şəxsi heyətin vətənpərvərlik tərbiyəsində, tarixi qəhrəmanlıq ənənələri ruhunda tərbiyə olunmasında, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, Müdafiə Nazirliyi rəhbərliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Şairlərdən Ələmzar Əlizadə, Ramiz Qəmginin Azərbaycana, Şah İsmayıl Xətaiyə, Vətən müdafiəçilərinə həsr etdikləri şeirlər şəxsi heyətin ruh yüksəkliyini daha da artırıb.
Hərbi qulluqçulardan Loğman Xanlarov, Rüstəm Məmmədov çıxış edərək görkəmli sərkərdəni və qonaqları əmin ediblər ki, Azərbaycan bayrağı bu gün etibarlı əldədir və dövlətçiliyimizin sükanı arxasında müdrik və qətiyyətli şəxsiyyət dayanıb.

Şah İsmayıl Xətai əgər ilk vahid Azərbaycan dövlətinin, Məmməd Əmin Rəsulzadə Şərqdə ilk demokratik xalq cümhuriyyətinin banisidirsə, ümummilli lider Heydər Əliyev də müasir, müstəqil Azərbaycanın qurucusudur və bu dövlət Prezident İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Azərbaycan Ordusu bu dövlətin milli təhlükəsizliyini etibarla qoruyur. Bu gün Lələtəpədə, Tərtərdə, Ağdərədə dalğalanan bayrağımız tezliklə Şuşada, Xankəndidə və işğal altında olan digər torpaqlarımızda da dalğalanacaq.
Tədbirin sonunda bütün iştirakçılar bu qənaətə gəliblər ki, Cavanşirlər, Babəklər, Xətailər, Cavad Xanlar, Həzi Aslanovlar, Mübarizlər, Çingizlər yetirən Vətən torpağı heç vaxt düşmən caynağında qala bilməz və düşmən qeyd-şərtsiz əzəli Azərbaycan torpaqlarından rədd olub çıxıb getməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Gununsesi.info



loading...
Loading...