“Silahlı qüvvələrimiz ən humanist, amma, qətiyyətli ordu nümunəsidir” -Deputat

Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində söylədiyi fikirlər xalqa, cəmiyyətə, eləcə də gəncliyi yetişdirən ailə təsisatına, həmçinin məktəblərə xüsusi çağırış və tapşırıqdır.

Bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O xatırladıb ki, dövlət başçısı gənclərlə bağlı danışarkən bir neçə amilə xüsusilə diqqət çəkib:

“Birincisi, milli-mənəvi dəyərlər, ənənələr, ikincisi, ailə institutunun sağlamlığı, sağlam tərbiyə, üçüncüsü məktəblərin və digər dövlət strukturlarının gənclərin yetişməsində rolu məsələləridir. Bu gün Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alır, yaşayır, həmin cəmiyyətlərin siyasi, iqtisadi, sosial, mədəni həyatına bu və ya başqa dərəcədə təsir göstərir, eyni zamanda təsirinə düşür. Əsas məsələ gənclərimizin milli-mənəvi dəyərlər baxımından sağlam olması, heç bir kənar təsirin onları dəyişə bilməməsidir”.

N.Həmzəyev bildirib ki, ermənilər sadəcə son 30 ildə Azərbaycan xalqının başına müsibətlər gətirməyiblər: “Bənzər hadisələr 1905, 1918 və 1940-cı illərdə baş verib. Yüz ildən artıq müddətdir ki, Azərbaycan xalqı və dövlətçiliyi birlik, bərabərlik vasitəsilə öz mövcudluğunu qoruyub saxlayır. Ona görə də, dəyərlərin təbliğ edilməsi, gənclərin hələ kiçik yaşlarından bu kontekstdə maarifləndirilməsi dövlətin də daimi diqqət mərkəzindədir, amma, bu sahədə rol xüsusilə ailələrə, ardınca isə məktəblərə düşür.
Cənab Prezident çıxışında ailə məfhumuna xüsusilə diqqət çəkdi. Çünki qloballaşma mənəvi hissləri və insanlararası bağları da sərhədsizləşdirərək, ailə məfhumunun kiçik çərçivəsini yaratmağa başlayıb. Xüsusilə də, müasirlik adı altında ailə anlayışının çürüməyə başlaması dövlətin ən mühüm sütunlarının məhv olması deməkdir. Ailə dövlətin ən kiçik formasıdır, özəyidir”.

O vurğulayıb ki, konstitusiyada da ailə anlayışı ilə bağlı kifayət qədər istinad var: “Konstitusiyamızın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Eyni maddənin ikinci bəndində isə yazılıb ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Prezident yanvarın 10-da yerli telekanallarına müsahibəsində bildirmişdi ki, yeni hədəflər, məqsədlər müəyyənləşdirməliyik.

14 fevral tarixli nitq isə birbaşa xalqa, Azərbaycan cəmiyyətinə müraciət xarakterlidir və nəinki gəncliyə, eləcə də gəncliyi yetişdirən ailə təsisatına, həmçinin məktəb faktoruna xüsusi çağırışdır.

Bizim gənclərimizi vətənpərvər ruhda, azərbaycançılıq ideologiyasında və bütün irqlərə, dinlərə, millətlərə hörmət ruhunda böyütməyimizin nəticəsi idi ki, dünya Azərbaycan Ordusunun timsalında ədalət nümunəsinə şahidlik etdi”.

Milli Məclisin üzvünün sözlərinə görə, bu gün, dünyanın müxtəlif ölkələrində fərqli miqyaslarda münaqişələr baş verir: “Bunun ilk qurbanları isə xüsusilə də, uşaqlar, qadınlar, ahıllar olur. Halbuki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi dövründə mülki şəxslərə zərər dəyməməsi üçün hücum əməliyyatlarını bir neçə dəfə dayandırmışdı. Silahlı Qüvvələrimiz həqiqətən də ən humanist, amma, qətiyyətli ordu nümunəsidir. Əsgərlərimiz tək bir əmrlə sorğu-sualsız ölümə belə gedər, çünki doğma torpaq hər şeydən əzizdir, müqəddəsdir”.

 

Gununsesi.info