Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşüb. Qarşılıqlı fikir mübadiləsi ilə keçən görüşdə deputat parlamentin yaz sessiyasında görülməsi planlanan işlərdən bəhs etmiş, vətəndaşlar onları narahat edən məsələləri və təklifləri deputata ünvanlamışlar.
Gununsesi.info xəbər verir ki, görüş zamanı Vahid Əhmədov Zizik kənd sakinlərini kənd yolunun təmir olunaraq istifadəyə verilməsi münasibəti ilə təbrik edib.Kənd sakinləri də öz növbəsində Zizik kənd yolunun bərpasında və onları uzun müddətdir narahat edən nəqliyyat probleminin həllində göstərdiyi təşəbbüsə görə Vahid Əhmədova öz minnətdarlığını ifadə etmiş,onu növbəti parlament seçkilərində yenidən dəstəkləyəcəklərini bildirmişlər.Quba rayonunun Tüləkəran və Möhüc kənd sakinləri rayonun Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmirinə prezident İlham Əliyevin sərəncamı ilə vəsaitin ayrılması ilə bağlı kənd camaatının təşəkkürlərini millət vəkilindən dövlət başçısına çatdırmağını xahiş etmişlər.
Sonradan,Quba və ətraf rayonlardan gəlmiş 114 nəfər sakin deputat tərəfindən fərdi qaydada qəbul edilib.Qəbul zamanı qaldırılan məsələlərin əsasını bank məsələləri,işsizlik,evlərin təmiri,məhkəmə qərarlarının icrası zamanı yaranan qanun pozuntuları,pensiyaların təyin edilməsi yaranan problemlər və s.məsələlər təşkil etmişdir.Ötən qəbullardan fərqli olaraq,bu dəfəki qəbulda işsizliklə əlaqədar müraciətlərin sayında çoxluq qeydə alınmışdır.Sakinlər deputatdan şimal bölgəsində mövcud olan işsizlik probleminin həllində önəmli rol oynayacaq yeni emal müəssisələrinin yaradılması məsələsini Milli Məclisdə qaldırmağı xahiş etmişlər.
Qəbul zamanı Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqə saxlanılaraq ,vətəndaşları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.Bir çox məsələlər yerindəcə həllini tapmış,qalan məsələlərin həlli üçün köməkçiyə aidiyyəti təşkilat və qurumlara müraciətlərin hazırlanması tapşırıqları verilmişdir.
Növbəti qəbul fevral ayında planlaşdırılıb.