Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, raketlər yerli vaxtla səhər saat 07.30-da Şimali Hvanqhae əyalətinin Sarivon bölgəsindən buraxılıb və təxminən 400 kilometr məsafə qət edib.
Raketlər Koreya yarımadasının şərq sahillərindəki sulara düşüb. Hadisədən sonra Cənubi Koreya, ABŞ və Yaponiya birgə təhlil araşdırmalarına başlayıb və sayıqlıq səviyyəsini artırıb.
Yaponiya Müdafiə Nazirliyi raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasına düşmədiyini bəyan edib.
Yaponiyanın müdafiə naziri Gen Nakatani Şimali Koreyanın bu hərəkətlərini pisləyib və ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq etdiklərini və lazımi tədbirlər gördüklərini bildirib.
ABŞ-ın Hind-Sakit Okean Komandanlığı da raket sınaqlarını pisləyib və Şimali Koreyanı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb. Bəyanatda ABŞ-ın Cənubi Koreya və Yaponiyanı müdafiə etmək öhdəliyinin dəyişməz olaraq qaldığı vurğulanıb.
Orxan Saffari