Sinan Oğan: “Nə mutlu türküm deməkdən bizi məhrum edə bilməyəcəklər” - VİDEO

  • By admin
  • 11 Mart 2017 08:38

sinan

Türkiyədə 16 apreldə baş tutacaq referendumla bağlı siyasilərin təbliğatı davam edir.

Referendum qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

Hakim partiyanın bu qərarına ən güclü dəstəyi isə  MHP lideri Dövlət Baxçalı verir. MHP başqanının bu addımı partiya daxilində bəzi kəsimin etirazına səbəb olub.

MHP sədrliyinə namizəd, Azərbaycan əsilli Sinan Oğan dəyişikliklərə “Yox” kampaniyasının öndə olan simalarındandır.

S.Oğanın kampaniyanı uğurlu aparması rəqibləri tərəfindən sərt qarşılanıb, ötən həftə isə Bahçeşehir Universitetində konfrans zamanı hücuma məruz qalıb. Belə ki, o, referenduma dair açıqlamalar verərkən zaldan bir nəfər hücum edərək döymək istəyib. “MHP-nin lideri Dövlət Baxçalıdır” şüarını səsləndirən gənc kürsünü vurub aşırıb.

Bu gün isə İstanbulda Leyla Gencer Sənət və Opera Mərkəzində çıxış edən Sinan Oğan sərt açıqlamaları ilə yadda qalıb.

Gununsesi.info xəbər verir ki, tədbirdə iştirak edən teleqraf.com əməkdaşının verdiyi məlumata görə, S.Oğan öncə partiyadan çıxarılmasına münasibət bildirib: “İkinci dəfə partiyadan xaric edilmə xəbərini aldıq. Onlara tək bir sözüm var: Meydana çıxın, sandığı ortaya qoyaq. Hamınız bir, Sinan Oğan tək. Görək, nümayəndələr kimin ixrac edilməsini istəyəcəklər”.

S.Oğan ona qarşı olan hücumların FETÖ tərəfindən edildiyini söyləyənlərə sərt cavab verib: “Mənə qarşı olan hücumların FETÖ-nün təxribatı olduğunu söyləyirlər. Ədliyyə naziri Bəkir Bozdağa səslənirəm. Bu hücumları edən FETÖ-çülərdirsə, hücumlar bir teatr oyunudursa, prokurorluq əlində, dövlət əlində, niyə arxa qapıdan azad edirsən? Sorğu-sual etsənə. Niyə buraxırsan, sən dəmi FETÖ-cüsən? İstanbul prokuroru da FETÖ-cüdür? Ədliyyə nazirini FETÖ-cüləri dəstəklədiyi üçün prokurorluğa şikayət edəcəyəm”.

S.Oğan bu referendumun məqsədinin Türkiyənin federativ dövlətə çevirmək olduğunu qeyd edib: “Bizim mücadiləmiz Türkiyəni federasiyaya çevirmək istəyənlərə qarşıdır. Lazım gəlsə, öləcəyik, amma ölkəmizi böldürməyəcəyik. Bu ölkə, Türk milləti birdən böyükdür. Hətta Mustafa Kamal Atatürk də bu qədər səlahiyyəti istəməmişdi. O qədər səbirsizdirlər ki, MHP ilə bal ayları bitmədən, İstanbulda Barzaninin əsgisini dalğalandırdılar”.

S.Oğan onu irqçilikdə suçlayanlara da cavab verib: “Yaşlı, qadın, uşaq olan suriyalılar müsafirlərimizdirlər. Savaş bitənə qədər onları himayə edəcəyik. Amma ölkəmizdə bir milyon gənc suriyalı var. Sahillərdə dincəlirlər. Mehmetçik şəhid olarkən onlar nargilələrini tüstülədirlər. Bilsinlər ki, suriyalılara vətəndaşlıq versələr də, orada müharibə bitəndə hamısını yurdlarına göndərəcəyik”.

Sonda S.Oğan bildirib ki, Türk milləti səltənəti yıxmış, Cümhuriyyəti qurmuş bir millətdir: “Nə mutlu türküm deməkdən bizi məhrum edə bilməyəcəklər. 16 apreldə “xeyir”ə çıxıb, dağa-daşa “Nə mutlu Türkiyə” sözlərini yazdıracağıq”.

Gununsesi.info