“Sinema Güzeli” yarışması Azərbaycan kinosuna töhfə verəcək, iştirakçıların xaricə çıxmalarına imkan yaradacaq” - TÜRKİYƏLİ REJİSSOR

  • By admin
  • 28 Dekabr 2017 12:32

Türkiyənin məşhur “Sinema Güzeli” yarışmasının münsiflər heyətinin üzvü, türkiyəli rejissor Avni Kütükoğlu Gununsesi.info-ya müsahibə verib.

Bu layihənin əhəmiyyəti barədə danışan rejissor qeyd edib ki, hər ölkənin kinosunun bəsləndiyi qaynaqlar olub:

“Bəzi zamanlar Türkiyə kinosunun aktyor mənbəyi teatrlar olsa da, gözəl qadın, yaraşıqlı kişi axtarışı həmişə davam edib. Bu da müsabiqələrin keçirilməsinə səbəb olub. O dövrün əhəmiyyətli, məşhur jurnalları, qəzetləri aktyor və aktrisa müsabiqələri keçirərək kinoya oyunçu mənbəyi qazandırıb. Aradan keçən uzun illər texnologiyanın yenilikləri, kinonun dəyişikliyi müsabiqələri geridə qoyub. Bu zaman nostalji bir yanaşma ilə, lakin əvvəlkindən fərqli, müasir dövrümüzün kinosuna xidmət edəcək aktyor və aktrisalar tapmaq məqsədi ilə “Sinemanın kral və kraliçası” müsabiqəsi keçirilir”.

– Bu layihə Türkiyəyə nə verir?

– Türkiyə kinosu bu günlərdə təəssüf ki, televiziyalardan, yəni televiziya seriallarından bəslənir. Seriallardakı məşhur aktyor və aktrisalardan filmlərdə istifadə edilir. Təbii ki, ticari narahatlıqlar müəyyəedici səbəblər olur. Bu yerdə ciddi qurulan müsabiqələr yeni simalar qazandıra bilirsə, ölkə kinosuna töhfə kimi düşünülməlidir.

– Bəs Azərbaycan üçün əhəmiyyəti nədir, ölkəmiz bundan nə əldə edəcək?

Azərbaycan kino tarixinin çox zəngin və dolğun olduğunu bilirik, amma müstəqillikdən sonra keçən 10 illik bir müddətdə kino istehsalından uzaq qaldığını da görürük. Bu gün 10 il geriyə getdikdə ölkə kinosunun sürətləndiyini və istehsalın artdığını görürük. Kinonun məşhur sənət sahəsi olduğunu düşünsək, kino aktyor və aktrisalarının da məşhur olmaqları çəkilən filmlərə töhfə verəcək. Buna görə də, bu cür müsabiqələr həm ölkə kinosu üçün töhfə verəcək, həm də iştirakçıların xarici ölkələrə çıxmalarına imkan yaradacaq.

– Azərbaycanlı gənclər belə düşünürlər ki, Türkiyə seriallarına yol açmaqla Hollivuda qədər gedə bilərlər. Bu fikir doğrudurmu?

Türkiyə kinosu artıq dünya kinosu səviyyəsinə çatıb. Xaricdə keçirilən festivallarda qazanılan dərəcələr, xaricdə film nümayişləri və Türkiyədəki film istehsalının texniki keyfiyyəti kinolarımızı xarici ölkələrdə söz sahibi edir.

– Türk filmləri dünya səviyyəli hesab oluna bilər?

– Türkiyə filmlərində aktyorluq etmək, təbii ki, oyunçuları başqa üfüqlərə daşıya bilər. Amerikada necə olur bilmirəm, amma bütün bu yolların keçilməsinin tək qarşılığı çalışmaq, çalışmaq, təhsil, bilgi, təcrübədir.

– Gənclərə nə tövsiyə edirsiniz?

– Azərbaycanlı gənclərə tövsiyəm odur ki, aktyor olmaq üçün çox çalışmalıdırlar. Təhsilə əhəmiyyət verməlidirlər. Kinonu yaxşı qavramalıdırlar, əvvəl öz ölkələrində, sonra digər ölkələrin kinolarında iştirak etməlidirlər və özlərini doğru kəşf edib, doğru ifadə edə bilməlidirlər. Çox oxumalı, çox izləməli, çox müşahidə aparmalıdırlar. Kino sənətini qavramalıdırlar.

Gununsesi.info