Siqaretin qiyməti ilə bağlı PİS XƏBƏR: ilin sonuna kimi...

  • By admin
  • 24 May 2022 09:23

Son aylar tütün və tütün məmulatlarının qiymətində bahalaşma müşahidə edilməkdədir. Bir sıra siqaret markalarının qiyməti son 6 ay ərzində 10-25 faiz arasında bahalaşıb. Bu bahalaşma ayrı-ayrı markalarda 10-20, bəzi hallarda 30 qəpik arasında dəyişir. Üstəlik, bahalaşma yerli tütündən hazırlanan brendlərdə də hiss olunur. Hətta iş o yerə çatıb ki, yerli marka siqaret və tütün məmulatlarının qiyməti xarici brendlərin dəyərindən cəmi 20-30 qəpik geri qalır. Bu, daha çox aşağı dəyərli siqaret məhsullarında nəzərə çarpır. 

Bu məhsulların durmadan bahalaşmasının səbəbi nədir? Yerli tütün istehsalı bahalaşmanın qarşısını niyə ala bilmir?

Suallar çoxdur və onlara cavab tapmaq üçün iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənməyə çalışdıq.

Ekspert Publika.az-a açıqlamasında söylədi ki, tütün məmulatlarının böyük əksəriyyəti Azərbaycana xaricdən gətirilir. Natiq Cəfərlinin fikrincə, yerli istehsalın səviyyəsi aşağıdır: “Azərbaycanda satışda olan bir çox tütün məmulatları xaricdə istehsal edilir. Amma Azərbaycan üçün istehsal olunur. Yəni bu istehsal Azərbaycanın sifarişi ilə həyata keçirilir. Ona görə də üzərindəki yazılar və markalaşdırma məhz Azərbaycan dilində aparılır. Bu səbəbdən də düşünürəm ki, siqaret və tütün məmulatlarının bahalaşmasının əsas səbəbi xaricdən asılılıqdır. Təbii ki, bundan başqa digər bir səbəb də var. Baxın, son üç ildə dörd dəfə aksiz vergiləri qaldırılıb. Bütün tütün məmulatlarının aksiz ödənişləri artırıldığı üçün qiymətlərin artımına birbaşa təsir göstərir. Hətta deyərdim ki, əsas səbəblərdən biri də budur”. 

Bəs siqaret və tütün məmulatlarının qiymətini aşağı salmaq, ən azından stabil vəziyyətdə saxlamaq üçün yerli istehsalın həcmini artırmaq mümkündürmü? Bunun üçün başqa hansı tədbirlər həyata keçirmək olar? Ümumiyyətlə, hökumət tütün istehsalının artırılmasında maraqlıdırmı?

Natiq Cəfərli hesab edir ki, tütün istehsalını artırmaq çox çətindir. Ekspertin sözlərinə görə, tütünçülük olduqca çətin bir sahədir: “Ona görə də qısa zamanda ölkədə daxili tütün istehsalının artırılması mümkün deyil. Amma aksiz dərəcələrini və vergiləri aşağı salmaq olar. Düşünürəm ki, buna da gedilməyəcək. Səbəbi odur ki, dünyanın hər yerində siqaretin və alkoqollu içkilərin qiymətlərinin artırılması, yəni onun vergi rüsumlarının artırılması ən asan atıla biləcək addımdır. Hökumətlər ona görə tez-tez bu addımı atır ki, vətəndaşlar buna o qədər də aqressiv münasibət göstərmir. Hətta bu cür bahalaşmanı sağlam həyat tərzinin təşviqi kimi qələmə verirlər”.

İqtisadçı düşünür ki, bu gedişlə tütün və tütün məmulatlarının qiymətində yenə də artım müşahidə oluna bilər: “Əgər aksiz vergilərinin dəyəri qaldırılarsa, tütün məmulatlarının və siqaretlərin qiymətinin yenidən artması müşahidə olunacaq. Bu artımı ilin sonuna yaxın yenidən müşahidə edə bilərik. Dünyada da qiymət artımı davam edərsə, yenidən siqaretlərin qiymətinin artma ehtimalı var”.

Gununsesi.info