Sabah araşdırmaçı alim, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan jurnalistlərinin müəllimi mərhum Şirməmməd Hüseynovun doğum günüdür.
Gununsesi.org xəbər verir ki, bununla bağlı bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimləri, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova və Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü İkinci Fəxri Xiyabanda Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər.
Ziyarətdən sonra hər kəs Şirməmməd Hüseynovla bağlı xatirələrini bölüşüb.
Xatırladaq ki, Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-da Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasının müəllimi, dosenti vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-nun Jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.1971-1988-ci illərdə BDU-da Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU-da Mətbuat tarixi kafedrasının professoru olub. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.
Şirməmməd Hüseynov 2019-cu ilin iyunun 24-də vəfat edib.