“Şirməmməd müəllim dedi ki, sənin məhkəmə prosesin Nürenberq prosesindən uzun çəkdi…” - Qulu Məhərrəmlinin bu gün doğum günüdür

  • By Mayil
  • 02 Noyabr 2016 13:59

 

qulu

Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru,”Jurnalistikanın inkişafına yardım” Fondunun sədri, Əməkdar jurnalist Qulu Məhərrəmlinin bu gün doğum günüdür.

Gununsesi.info professoru bu əlamətdar günlə bağlı təbrik etməklə yanaşı,  onunla ayaqüstü blits-müsahibə də edib. 

“Mediamız bu gün klassik media anlamında azad, demokratik, müstəqil  cəmiyyətin mediası olmaq səviyyəsindən çox aşağıdadır”

– Qulu müəllim, Azərbaycan mediasının hazırkı durumu sizi qane edirmi? Mətbuatımızı necə görmək istəyirsiniz?

– Ümumiyyətlə, arzulayardım ki, Azərbaycanda media ona verilən tələblərə, göstərilən ümidlərə layiq olsun.  Amma çox təəssüf ki, mediamız bu gün klassik media anlamında azad, demokratik, müstəqil  cəmiyyətin mediası olmaq səviyyəsindən çox aşağıdadır. Yəni, bu gün Azərbaycan mediasını 10-15 il əvvəllki mediyayla  müqaisə edəndə geriləmələr var. Peşəkarlıq aşağı düşüb. Jurnalistlər xəbər mənbəyinə  çıxa bilmirlər. Rəsmi məlumatları almaq çətinləşib.  Bu gün bu, sahədə çatışmazlıqlar kifayət qədərdir. İnternet məkanı jurnalistika və məlumatlandırma üçün çox böyük imkanlar açıb, amma təəssüf ki, iş tamam başqa istiqamətdə gedir. Yəni məlumatlandırma yox,  bəzən saytlar şəxsi qisas mənbəyinə çevrilir.  Bunula da böyük bir məlumat zibilxanası yaradırlar.  Bu da təbii ki, insanları gec-tez həqiqi media və jurnalistikadan uzaqlaşdırır.

“Onların  mindiyi qatar, olduqları platformanın özü zəifdir, populyar deyil”

– Yəni, hazırkı mətbuatın vəziyyətində yaxşı heç nə yoxdur?

– Əlbəttə,  yaxşı cəhətləri də yox deyil. Yaxşı jurnalistlərimiz, babat qəzetlərimiz, gözəl köşə yazarlarımız,  qələm sahiblərimiz var.  Lakin onların  mindiyi qatar, olduqları platformanın özü zəifdir, populyar deyil. Həmin qatarların özü camaatın, oxucunun etibarını qazana bilməyib. Qazananlar da, həmin etimadı müəyyən dərəcədə tədricən itirirlər. Arzulayardım ki, bizim cəmiyyətimizə layiq media olsun.

“TRT-nin yayımnın dayandırılmasını faciə hesab etmirəm…”

– Azərbaycanda daha bir kanalın yayımı dayandırıldı. Söhbət Türkiyənin TRT kanalından gedir…

– TRT-nin yayımnın dayandırılmasını faciə hesab etmirəm. Yadınızdadırsa, bir neçə il əvvəl Rusiyanın da Azərbaycanda yayımlanan kanallarının fəaliyyəti dayandırılmışdı. Bu onunla bağlıdır ki, bir ölkənin ərazisində başqa bir ölkənin televiziya kanalı yayımlana bilməz. Söhbət metrlik yerüstü yayımdan gedir.  Amma bu kanallara ölkəmizdə kabel və peyk vasitəsiylə də baxmaq mümkündür. Azərbaycanın tezliklərində, tezlik resurslarında başqa ölkənn kanalının olmaması normal haldır. Ona görə də bunu faciə kimi qarşılamıram. Düzdür, bizim Rusiyayla da, Türkiyəylə də münasibətlərimiz normaldır. Qonşu ölkələrdə baş verən hadisələri, gedən prosesləri də izləməliyik, lakin MTRŞ belə qanun qəbul edibsə, deməli, bu qanunanuyğundur.

“Şirməmməd müəllim dedi ki,  sənin bu məhkəmə prosesin Nürenberq prosesindən uzun çəkdi…”

– Qulu müəllim, AzTV-nin sədri Alışanovla məhkəmə prosesiniz nə yerdə qaldı?

 Şirməmməd müəllim sentyabrda məndən soruşdu ki, vəziyyət necədir? Dedim ki, hələ davam edir.  Cavab verdi ki, sənin bu məhkəmə prosesin Nürenberq prosesindən uzun çəkdi.  Yəni, bu proses uzanır, gedir. Uzandıqca da yavaş-yavaş karikaturaya oxşayır. Çox təəəssüf ki, biz bu sistemdə, tamaşada rol almışıq, ona görə də oradayıq. Əlbəttə, bu cür olması arzulanan hal deyil. Bu şəkildə olması şübhəsiz ki, müəyyən dərəcədə həm bizə, həm də qarşı tərəfə əlverişli, hörmətli situasiya yaratmır. Yəni, mən indi bir müsahibədir vermişəm, sözlərimi də demişəm. Məhkəmə də  bu işi əsassız olaraq icraata götürüb. Hesab edirəm ki, tamamilə qanunaziddir və əsassızdır. Məhkəmə əslində,  tamaşa göstərməklə məşğuldur. Buna təəssüflənirəm…

“Pulsuz çalışırıq…”

– Azərbaycanda ilkə addım atmisiniz.. saytınızda durum necədir?

– Sayt yeni bir elektron resurs mərkəzi və platformasıdır. Orada Azərbaycan dilinin inkişafı üçün müəyyən təşəbbüslər etmişik. Bu resursdan mətbuat nümayəndələri, dövlət qurumları, ümumiyyətlə, yazı-pozuyla məşğul olan insanlar  bəhrələnə bilirlər və bu da bizə çox böyük zövq verir. Bu saytın xidmətləri pulsuzdur. Özümüz də bu saytda pulsuz çalışırıq. Burada kommersiya məqsədi yoxdur.  Dilimizin inkişafı üçün bu işlə məşğuluq.

“İndiki şəraitdə heç bir media qurumu yaratmaq fikrim yoxdur”

 Qulu müəllim, peşəkar, arzusunda olduğunuz bir televiziya kanalı yaratmaq niyyətiniz varmı?

–  Xeyr. İndiki şəraitdə heç bir media qurumu yaratmaq fikrim yoxdur. Gələcəyə isə baxmaq olar…

–  Gülnaz Qənbərli

– Gününsesi.info