İyunun 20-də Siyəzən məhbuslarının apelyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda vəkil Elçin Sadıqov social şəbəkədəki səhifəsində məlumat yayıb. O, məhbusların işi üzrə apelyasiya baxışının qeyri-müəyyən vaxta kimi təxirə salındığını deyib:
“Səbəb isə daha öncə şikayət verməyən iki məhbusdan birinin apelyasiyaya müraciət etməsidir. Onun şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba Rayon Məhkəməsinə göndərilib”.
Vəkil bildirib ki, məhbuslar bu gündən aclıq aksiyasına başlayacaqlarını da elan ediblər.
Qeyd edək ki, Siyəzəndə etiraz aksiyalarına 2016-cı il yanvarın 12-də sahibkarlar başlamışdılar. Un emalı və çörək bişirməklə məşğul olan sahibkarlar təqribən 200 nəfərlik bir qrup toplayaraq, unun qiymətinin bahalaşmasına narazılığını bildirmək üçün İcra Hakimiyyətinə getmişdilər. Onlar icra başçısı və deputatla görüşüb öz dərdlərini demək istəyirdilər. İcra başçısı sahibkarlara söz vermişdi ki, bir gün sonra deputat Tahir Süleymanov da gələcək və onların hamısı İcra Hakimiyyətinin akt zalında qəbul ediləcək. Lakin İcra Hakimiyyətinə gedənlərin hər biri həmin gecə öz evində həbs olunub.
Gülnaz Qənbərli
Gununsesi.info