Siyəzəndə dəhşətli qəza: Ölənlər və yaralananlar var - FOTOLAR /YENİLƏNDİ

  • By admin
  • 17 Fevral 2023 11:36

Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan iki nəfər Bakıdakı xəstəxanalardan birinə köçürülüblər.

Gununsesi.info xəbər verir ki, İftixar Çingiz oğlu Hümbətovun və Səbinə Akif qızı Rəsulovanın vəziyyətləri ağır olduğuna görə onlar paytaxtdakı xəstəxanalardan birinə göndəriliblər.

Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

11:01

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və “Opel Astra” markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib.

10:45

Siyəzəndə ağır qəzada ölən müəllimlərin işlədiyi məktəblər məlum olub.

Quba-Xaçmaz Rayon Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qəzaya düşən “Mercedes-Benz Vito” markalı avtomobildə olan, Bakı və Sumqayıt şəhərindən gələn 7 müəllim Siyəzən rayonu F.Cəlilov adına Məşrif kənd tam orta məktəbi, Ə.Şahbazov adına Dağquşçu kənd tam orta məktəbi və E.Yusifov adına Qozağacı kənd ümumi orta məktəbində çalışırlar.

“Onlardan 2 nəfər hadisə yerində vəfat edib, digər 5 müəllim Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda onlara tibbi yardım göstərilir”.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində yaralananların 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci il təvəllüdlü Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu il təvəllüdlü İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vuqar Məhəmməd oğlu və 1978-ci il təvvəllüdlü Mustafayeva Xanım Nemət qızı olduğu müəyyənləşib.

09:49

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzəndə baş verən ağır qəzada xəsarət alanların son vəziyyətini açıqlayıb.

Qurumdan bildirilib ki, Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə təcili tibbi yardım bölməsində davam etdirilir.

09:36

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Gununsesi.info xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.

Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.

09:26

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qəza bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində qeydə alınıb.

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes-Benz Vito” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes-Benz”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

09:08

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.

“Mercedes-Benz Vito” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info