Siyasi məhbusların yaxınları onların əfv olunması üçün MÜRACİƏT ETMƏYİB

  • By admin
  • 07 Dekabr 2017 16:10

Azərbaycanda hər il bayramlar ərəfəsində məhbusların əfv olunması ənənə halını alıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində bir qayda olaraq prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Bu, yalnız 2016-cı ildə baş verməyib.

Beləliklə, müxtəlif bayramlarda imzalanan əfv fərmanları ilə yüzlərlə məhbus azadlığa çıxıb. Maraqlıdır, görəsən hazırda həbsdə olan siyasi məhbusların yaxınları onların əfv olunması üçün rəsmi qaydada müvafiq qurumlara müraciət ediblərmi?

Məhz bu sualla müraciət etdiyimiz AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur Gununsesi.info-ya bildirib ki, həyat yoldaşının əfvə düşəcəyini gözləmir: ” Xeyr, Fuad bəyin əfvə düşəcəyini gözləmirəm. Bunun üçün heç bir müraciət olunmayıb və belə bir müraciətlə bağlı da aramızda hər hansı bir müzakirə olmayıb. Günahkarlar əfv diləyər və hesab edirəm ki, Fuad Qəhrəmanlı heç bir cinayət törətməyib. Demək ki, günahkar da deyil. Əksinə, məncə onun iki ilinə və bundan sonra nə qədər həbsdə qalarsa, bu illərinə görə ondan əfv diləməlidirlər”.

Qeyd edək ki, AXCP sədrinin müavini F.Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə təqsirləndirilib. 2017-ci il yanvarın 25-də ona 10 il həbs cəzası verilib.

2017-ci il martın 3-də iki il müddətinə həbs edilən video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynovun keçmiş iş yoldaşı Tatyana Kryuçkina Gununsesi.info-ya bildirib ki, M.Hüseynovun əfv edilməsiylə bağlı ailəsi tərəfindən müraciət olunmayıb. Müraciətsiz əfv edilə bilməsini isə gözlədiklərini istisna etməyib: “Belə hallar olub. İndi də istisna deyil”.

Qeyd edək ki, M.Hüseynov Daxili İşlər Nazirliyinin şikayətilə polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunur. Lakin bu onun ilk həbsi deyil. 2017-ci il yanvarın 9-da o, axşam saatlarında polis tərəfindən saxlanılıb. Yanvarın 10-da məhkəmə onun barəsində “polisin qanuni əmrinə tabe olmamaq” maddəsilə 200 manat cərimə qərarı çıxarıb.

Azad edilən bloqçu jurnalistlərə müsahibəsində qanlı köynəyini göstərərək, ona işgəncə verildiyini deyib. Bundan sonra Daxili İşlər Nazirliyi onun barəsində Baş Prokurorluq qarşısında xüsusi ittiham qaydasında şikayət edib. Martın 3-də həbs olunmasına səbəb məhz həmin şikayətlə bağlı hakimin çıxardığı qərardır.

Gülnaz Qənbərli

Gununsesi.info