Siyasi möhtəkirliyə son verilməsə müharibə bütöv Qafqazı bürüyəcək - MÜRTƏZA BÜNYADLI YAZIR

murteza bunyadli

Erməni silahlı birləşmələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 18 aylıq körpə qız uşağını və qadını qətlə yetirməklə növbəti dəfə beynəlxalq hüquq prinsiplərinə, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə münasibətini ortaya qoydu. İşğalçı Ermənistanın  insanlığa yaraşmayan hərəkətinə beynəlxalq aləm, xüsusən də  Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu lazımı səviyyədə adekvat reaksiya vermədi. Minsk Qrupu həmsədrləri İrəvanı bu hərəkətlərini qınayan bəyanat qəbul etsə də, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə bağlı ciddi addımlar atmaq istiqamətində hər hansı konkret fəaliyyəti ortada deyil.

Düzdür, beynəlxalq aləm Bakının son diplomatik fəallığı nəticəsində İrəvanın bu vəhşi və insanlığa sığmayan cinayətini pisləsə də, bu işğalçılıq siyasətinə kəskin etiraz və ondan bu siyasətə son qoymaq tələb olunmur. Çünki burada söhbət insanlığa sığmayan vəhşilik döyüş şəraitində və yaxud hərbi əməliyyatların aktiv fazası zamanı baş verməyib. Burada söhbət hadisənin atəşkəs rejimi zamanı işğalçı qüvvələrin silahlı birləşmələrinin dinc əhalini hədəf seçərək, dinc mülki əhaliyə qarşı cinayət törətməsindən gedir. Hansı ki, beynəlxalq  humanitar hüquq belə bir cinayətin törədilməsini hətta aktiv hərbi əməliyatlar fazasında yolverilməz və bundan maksimum qaçılması tövsiyyə olunur. Ancaq ermənilər atəşkəs rejimində beynəlxalq humanitar hüququn prinsiplərini tapdalayaraq, istədikləri cinayətə əl atır və beynəlxalq aləm də buna susur. Beynəlxalq aləmin susması isə işğalçını insanlığa sığmayan cinayətlərinə sövq edir. Artıq bu birincisi deyil, zaman-zaman belə hadisələr baş verib. Hələ 1992-ci ildə fevralıın 25-dən 26-na keçən gecə erməni-rus həbri birləşmələrinin birgə hücumu nəticəsindən Xocalıda yüzlərlə dinc sakinin qətliamı, hansı ki, onların içərisində xeyli sayda azyaşlı uşaqların olması, 2011-ci ilin martı Ağdamın Orta Qərvənd kəndində 9 yaşlı Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi, 2016-c ildə Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində 13  yaşlı Şahmalıyeva Aygünün qətlə yetirilməsini, ermənilərin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Həsənqaya kəndində 16 yaşlı Həsənova Turanənin qətlə yetirilməsi bunun bariz nümunəsidir. Bu siyahını artırmaq olar.

Beynəlxalq aləmin bu susqunluğunu və işğalçıya lazımı səviyyədə rekasiya verməməsini, beynəlxalq təşkilatların və ya böyük dövlətlərin ikili siyasəti yox, artıq siyasi korrupsiya və möhtəkirlik kimi dəyərləndirmək olar. Məhz bu siyasi korrupsiya, möhtəkərilik və maraqlar son illərdə dünyada insanlığa yaraşmayan cinayətlərin daha da artmasına rəvac verir. Məhz böyük güclərin siyasi korrupusiyası və möhtəkirliyi nəticəsində dünyanın insani dəyərlər arxitekturası deqradasiyaya uğrayaraq, məhvə doğru gedir. Bunu durdurmağın zamanı yetişib. Əks təqdirdə beynəlxalq aləm bu siyasi korrupsiya və möhtəkirliyin girovuna çevriləcək və yaranmış durumu normal məcraya yönəltmək yeni fəsadlara yol açacaq. Odur ki, beynəlxalq aləm, xüsusən də beynəlxalq və regional təşkilatlar, həmçinin böyük dövlətlər nə qədər gec deyil siyasi korrupsiya və möhtəkirlikdən əl çəkərək baş verən proseslərə lazımı adekvat reaksiyanı verməlidir. İşğalçı Ermənistan və onun həyata keçirdiyi insanlığa sığmayan vəhşiliklərinə son vermək üçün bu ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir.

Əgər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu və həmsədr ölkələr qısa zamanda maraqlarını uzlaşdırıb, bölgədə ədalətli sülhün bərqərar olması istiqamətində addımlar atmasa, indiyədək “Qarabağda sülh kövrəkdir və müharibə alovlana bilər” fikri  hər an reallaşa bilər. Qarabağda müharibənin alovlanması isə təkcə Cənubi Qafqaz bölgəsi üçün deyil, ilk növbədə Rusiyanın və digər regionlarda da sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid, təhlükə mənbəyi olacaq. Qarabağda başlanacaq müharibə alovunun qığılcımları birinci Qarabağ müharibəsində olduğu kimi Şimali Qafqazı, ümumiyyətlə bütöv Qafqazı və digər regionları bürüməsi istisna deyil və bu realdır. Ona görə də Minsk Qrupu həmsədrləri, ilk növbədə Qarabağ münaqişəsinin danışıqlar prosesinin indiki mərhələsində dominant rolunu oynayan  Rusiya məsələnin ciddiliyini nəzərə alıb, öz imkanlarından istifadə edib, bölgədə sülhü təmin etməyə nail olmalıdır. Çünki Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında Rusiyanın Ermənistana yetərli təsir resursları mövcuddur. Rusiya indiki mərhələdə bu resurslardan istifadə edib bölgədə sülhü və sabitliyi təmin etməyəcəksə, o zaman bunun ilk bədələni ödəyən də elə Rusiya özü olacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info