“Siyasi partiyalar haqqında” qanun geniş ictimai müzakirələrdən sonra qəbul olunacaq -AZAY QULİYEV

  • By admin
  • 08 Sentyabr 2022 18:43

Xəbər verildiyi kimi, Milli Məclis payız sessiyasında “Siyasi partiyalar haqqında” qanunun yeni variantını qəbul edəcək.

Gununsesi.info-nun xəbərinə görə, yeni qanunda siyasi partiyaların fəaliyyətini çətinləşdirən bir sıra məqamlar var.

HTML tutorial

Son iki gündə sosial şəbəkədə və mediada  aparılan müzakirələrdə də bununla bağlı narahatçılıq ifadə olunub.

Milli Məclisin deputatı Azay Quliyev yeni qanun haqqında fikirlərini bölüşüb.

Onun qeydlərini təqdim edirik:

 

Məlum olduğu kimi, Milli Məclis hələ iki ay öncə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin
hazırlanması prosesinə başlandığı barədə mətbuata
açıqlama verərək bütün siyasi partiyaları, o cümlədən maraqlı tərəfləri bu, mühüm layihəyə təklif və
tövsiyələrini təqdim etməyə dəvət etmişdi.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük
əksəriyyəti qısa müddət ərzində qanun layihəsinin
strukturu, konsepsiyası, ölkədə aparılan siyasi
islahatların dərinləşdirilməsi, siyasi partiyaların
institusional inkişafının gücləndirilməsi barədə təklif və istəklərini Milli Məclisə təqdim etdilər. Yeni qanun layihəsinə siyasi partiyalar tərəfindən göstərilən yüksək maraq bir daha onu nümayiş etdirdi ki, bu, təşəbbüs vaxtında irəli sürülüb və hörmətli Prezidentimiz cənab
İlham Əliyevin müəyyən etdiyi yeni siyasi
konfiqurasiyanın tam formalaşması, siyasi dialoq
mühitinin daha da yaxşılaşdırılması və ölkədə siyasi
sistemin təkmilləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.

Bundan əlavə, torpaqlarımızın işğalına son qoyduqdan  və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra cəmiyyətdə hakim olan möhkəm milli birlik və ictimai anlaşma fonunda qeyd olunan islahatları
dərinləşdirmək və qarşıda duran strateji hədəflərə
çatmaq üçün “Siyasi partiyalar haqqında” yeni
qanunun qəbulu qaçılmazdır. Bu səbəbdən Milli Məclis daxil olan təklifləri, o cümlədən müxtəlif ölkələrin və ixtisaslaşmış beynəlxalq qurumların təcrübəsini nəzərə alaraq, “Siyasi partiyalar haqqında” qanun layihəsinin
ilkin variantı üzərində işi qısa müddətdə başa çatdırdı.
Dünən, yəni, sentyabrın 7-də isə qanun layihəsini ictimai müzakirələrə açıq etmək məqsədilə layihə mətni Milli Məclisin saytında yerləşdirildi.

Əlbəttə, layihə sıradan bir sənəd olmadığı üçün onun müzakirəsində və qəbulunda maksimum şəffaflıq və ictimai iştirakçılıq təmin olunmalı, qanunun subyekti olan siyasi partiyaların mövqeyi və əsaslandırılmış təklifləri nəzərə alınmalıdır.

Təqdirəlayiq haldır ki, Milli Məclis qanun yaradıcılığı prosesinin əvvəlində olduğu kimi, “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq sentyabrın
28-də siyasi partiyaların və ekspertlərin iştirakı ilə qanun layihəsinin ictimai müzakirəsini keçirməyi planlaşdırır və Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri hörmətli Əli Hüseynli dünən mətbuata verdiyi açıqlamada bu barədə ətraflı məlumat verib.

Bütün bunlar bir daha onu göstərir ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi islahatlara və siyasi instututların güclənməsinə dəstək verməsi üçün onun
daha təkmil və əhatəli şəkildə qəbul olunmasında dövlət maraqlıdır və ictimai dinləmə və ya ictimai müzakirələr yolu ilə bütün siyasi partiyaların və ixtisaslaşmış ekspertlərin rəy və təkliflərini öyrənmək istəyir.

Düşünürəm ki, qanun layihəsinin qəbulu prosesində
şəffaflığın maksimum təmini, ictimai rəyin nəzərə
alınması və maraqlı tərəflərin işriakı ilə geniş
müzakirələrin keçirilməsi, həm də, əvvəlcədən qərəzli mövqe tutan və qanun layihəsinin mahiyyətini və konsepsiyasını bilərəkdən təhrif etməyə çalışanların “arqumentlərinə” də təsirsiz ötüşməyəcək.

 

Gülnar Məmmədli

Gununsesi.info