Siyasilər erməniyə uduzduğuna görə təhqirlərə məruz qalan Çunayevin müdafiəsinə qalxdılar

  • By admin
  • 16 Avqust 2016 20:49

cunayev

“Rəsul Çunayev hər zaman bayrağımızı ucalara qaldırmaq üçün mübarizə aparıb və dəfələrlə qələbə qazanıb. Belə insanları təhqirlərlə ruhdan salmaq,ağır psixoloji zərbə vurmaq olmaz”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” səhifəsinə paylaşdığı statusunda yazıb. O, qeyd edib ki, çox hallarda da bunu ölkəsi, milləti üçün heç bir cddi iş görməyənlər edir.

“O da qələbə qazanmağı istəyərdi və bunun üçün ciddi mübarizə apardı. Bu idmandı.Və bəzən belə də ola bilir. Rəsula bunda sonra da hər zaman böyük uğurlar diləyirik. Ruhdan düşməsin və inanırıq ki, gələcəkdə daha da böyük qələbələr qazana biləcək”-deyə, o, sonra yazıb.

R. Çunayevə dəstək başqa bir millət vəkilindən də gəlib. Millət vəkili Aydın Mirzəzadə də güləşçinin müdafiəsinə qalxıb. “Rəsul Cunayev Azərbaycanın güclü idmançılarındandır və onu dəstələyirik”-deyə, millət vəkili bildirib.

“Çunayevin erməniyə məğlub olması hər kəsi sarsıdıb, bilirəm. Amma bu idmandı…”. Bunu isə BAXCP rəsmisi Elçin Mirzəbəyli bildirib. “Heç kim məğlubiyyətdən sığortalanmayıb. Erməni məsələsini Rəsulun başına qaxıb onu sındırmaq lazım deyil. Əksinə hər birimiz bu vətənpərvər Azərbaycan gəncinə dəstək olmalıyıq. Başını dik tut, Rəsul! Ermənilərə birlikdə qalib gələcəyik!”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

Qeyd edək ki, Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi R. Çunayev bu gün finala gedən yolda ermənistanlı rəqibi Miqran Arutyunyana uduzub. Bu isə onun sosial şəbəkələrdə geniş müzakirə olunmasına, hətta, təhqirlərə məruz qalmasına səbəb olub.

Onu da qeyd edək ki, istedadlı güləşçimiz Olimpiadada üçüncü yer uğrunda xalça üzərinə çıxacaq.

Kamil Həmzəoğlu

Gununsesi.info