Siyavuş Novruzov bəzi ölkələrdə səfirliklərin ixtisar olunmasını təklif edib - "LAZIM OLMAYAN YERDƏ SƏFİRLİK SAXLAYIRLAR"

  • By admin
  • 21 Noyabr 2017 16:14

 

Milli Məclisin deputatı Siyavuş Novruzov büdcə müzakirələri zamanı bildirib ki, ölkəmizdə neft gəlirləri və iqtisadi islahatların nəticəsində obyektlər tikilib.

Gununsesi.info xəbər verir ki, “Biz bunlara büdcədən əlavə vəsait ayırırıq. Bu müəssisələr üçün elə işləmə mexanizmi qurmalıyıq ki, onlar rayon büdcəsinə vergi versin, işıq pulunu özü versin. Mərkəzi büdcədən ora vəsait ayrılmasın”, deyə o, vurğulayıb.

Deputat həmçinin təklif  edib ki, hər bir rayonda ingilis dili və digər təmayüllü məktəblər açılsın, nəticədə bu məktəblərdə çalışan müəllimlər yüksək məvacib alsın.

Kreditlərə gəlincə, S.Novruzov deyib ki, bu sahədə islahatlar gedir: “Əhali ilə Mərkəzi Bank arasında anlaşma gedir, qazanan isə kommersiya banklarıdır. Sabah problem yarananda kommersiya bankları əhalini dövlətin üstünə göndərirlər. Onlar 10 minlərlə pul qazanıblar. Depozit kimi vətəndaşdan 7-12%-lə depozit götürürlər, vətəndaşlara isə 28-30%-lə kredit verirlər. Onlara nəzarət olunmalıdır ki, yaratdığı problemləri özləri aradan qaldırsınlar”.

Deputat həmçinin qeyd edib ki, dünya təcrübəsində belədir ki, seçki ilində partiyaya ayrılan vəsait digər vaxtlardan çox olur: “Məsələn, Türkiyədə və Almaniyada belədir. Bizdə bu təcrübədən istifadə edək ki, partiyalara seçkilər zamanı ayrılan vəsait artırılsın”.

O çıxışının sonunda xaricdə fəaliyyət göstərən səfirliklərin məsələsinə də diqqət çəkib. Deputat Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib. O, qeyd edib ki, hansı ölkədə səfirlik lazımdır, onu bağlayırlar, lazım olmayan yerdə isə saxlayırlar. Millət vəkili bildirib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyət bərpa olunsun”.

Mürtəza

Gununsesi.info