Siyavuş Novruzov korrupsioner məmurlar barədə: “Tamah insana güc gəlir, qeyri-qanuni yola əl atır” – "8 il yataqxanada, kazarmalarda  yaşamışam"

  • By admin
  • 16 Yanvar 2021 13:15

“Hakim komandada korrupsionerləri himayə edənlər hələ də qalır”

“Artıq Prezident Administrasiyası korrupsioner məmurların himayəçilərindən təmizlənib”

“Çovdarov koronavirusa görə həbsdən azad olundu”

“Kiminsə günahı varsa, cəzalanmalıdır”

“Dövlət maraqlarını öz şəxsi maraqlarından yuxarıda tutursansa…”

 

Milli Məclisin deputatı Siyavuş Novruzov Unikal.org-a müsahibə verib. 

 

YAP-çı deputat 44 günlük müharibə və sonrakı proseslər, həbs olunan məmur, hakimiyyət daxilindəki himayədarlar və digər məsələlərlə bağlı maraqlı məqamlara toxunub.

 

Gununsesi.org həmin müsahibəni oxuculara təqdim edir:

-Siyavuş müəllim, 44 günlük müharibə qələbə ilə yekunlaşsa da, cəmiyyətimizdə narahatlıq hələ də davam edir? Xalq niyə tam arxayın olmur?

-Narahatlığa ehtiyac yoxdur. Gərək baş verənlərin mahiyyətini insanlara açıqlayaq ki, nə baş verdiyini anlasınlar. Kimlərsə Avropada oturub ölkəmizə qarşı kampaniya aparanların təsiri altına düşür. Amma ortada qələbə faktı var. İki yüz ildən artıq bir müddətdə biz ermənilərə tutarlı cavab verərək məğlub elədik. Dünya erməniçiliyi, Ermənistan Ordusu haqqında, onların müttəfiqləri barədə formalaşan fikirləri darmadağın elədik. Düzdür, münaqişənin həlli uzun çəkdi. Öncə Ümummilli lider Heydər Əliyev, sonra cənab prezident İlham Əliyev bu mübarizənin hüquqi-sənədləşmə bazasını yaratdı.

Buna görə də 44 günlük müharibə çərçivəsində nə KTMT üzvləri, nə Ermənistanı dəstəkləyən ayrı-ayrı dövlətlər, ayrı-ayrı qurumların heç biri hərbi cəhətdən müdaxilə edə bilmədilər. Yəni, münaqişənin uzanmasına baxmayaraq qanuni iş, sənədləşmə işləri görüldü və beynəlxalq hüquq prinsiplərinin tam öz əksini tapması üçün işlər həyata keçirildi.

 

-Amma noyabr ayının 10-da bəyanat imzalananda, bəziləri bu cür sonu qəbul etmədi…

-Hər zaman olduğu kimi, bəzilər ağzını büzdü, bəziləri buna kölgə salmaq istədi. Azərbaycanın bütün şərtləri o bəyanatda öz əksini tapdı. Yanvarın 11-də qəbul olunan o sənəd 10 noyabr sənədinin bazasına əsaslanır. Ondan kənara çıxa bilməz. Fikir verdinizsə, Paşinyan cəhd elədi ki, status məsələsi, Dağlıq Qarabağ məsələsi və yaxud hərbçilərin və digər insanların azad olunması məsələsi… – dedilər ki, elə şey yoxdur. Ona görə də imzalanmış bəyanatın çox önəmi var. Müddəalar mərhələ-mərhələ yerinə yetirildikcə məsələ getdikcə daha aydınlaşacaq. Orada axırda bir məsələ qalacaq ki, bu da birgəyaşayış qaydalarıdır. O da tədricən qarşılıqlı etimadın yaranmasından sonra güman edirəm ki, tam şəkildə öz həllini tapacaq.

-Siyavuş müəllim, indi isə bir qədər fərqli istiqamətdə söhbətimizi davam etdirmək istərdim. Ölkədə islahat, bu çərçivədə korrupsiyaya qarşı mübarizə prosesi başlamışdı. Kifayət qədər yüksək vəzifəli şəxslərin həbsi məsələsi gündəmə gəldi, işdən çıxarılmalar da oldu, son günlər də davam edir. Maraqlıdır, bu qədər həbs vəzifəli şəxslərə niyə dərs olmur?

-Bu proses getməlidir ki, şəffaflıq yaransın. 2018-ci il prezident seçkilərindən sonra həm struktur, həm kadr dəyişiklikləri bir çox məsələləri üzə çıxardı. Cənab prezident müşavirədə də dedi ki, korrupsionerləri himayə edənlər vardı, korrupsionerlərə dəstək verənlər vardı. Müəyyən dövlət strukturlarında olanlardan söhbət gedir. Onlara son qoyuldu. İstər administrasiyada, istər Nazirlər Kabinetində, hökumətin ayrı-ayrı strukturlarında ciddi şəkildə islahatlar aparıldı. İslahatın həyata keçirilməsinin əsas şərti kadrdır.

 

 

– Son həbs olunan icra başçılarından biri həmin o kadr islahatı zamanı gələnlərdən idi. Nə oldu, nə tez pozuldu?

-Olur ki, tamah insana güc gəlir. İnsan qeyri-qanuni yollara əl atır. Amma bütün sistemdə islahatlar aparılır. Misal göstərə bilərəm, vergi-gömrük sistemi. İndiyə qədər kimi dindirirdinsə, ordakı məsələlərdən danışırdı. Amma islahat getdikdən sonra həm vergidə, həm gömrük sistemində problemlər aradan qalxdı. Ola bilsin ki, yenə də var, mən bilmirəm, çünki sahibkarlıq fəaliyyəti ilə məşğul deyiləm və mal gətirmirəm. Amma ümumi ictimai situasiyada artıq o cür məsələlər hallanmır. Ona görə ki, orada ciddi şəkildə islahatlar getdi. İndi şəffaflıq təmin olunub və oradan büdcəyə gələn gəlirlərin miqdarı xeyli artıb. 

-Maraqlı məqama toxundunuz: tamahkar məmurların himayəçiləri. Bu himayəçilər tam təmizləndimi?

-Yox, qalıb. Mən indi o məsələyə toxunacağam. Hakim komandada korrupsionerləri himayə edənlər, 5-ci kolonun nümayəndələri hələ də qalıb. Hələ var və hesab edirəm ki, bunlara qarşı da bizim ciddi mübarizəmiz getməlidir.

-Uzun müddət himayəçilik məsələsində hazırda islahatların getdiyi administrasiya və administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin adı hallanırdı… 

-Hazırda konkret fakt söyləyə bilmərəm, amma ən çox adı hallanan adlardan biri idi. Təbii ki, görürsünüz. İslahatlar getdi. Artıq administrasiya öz fəaliyyətini demək olar ki, tam şəkildə davam etdirir.

 

-Yəni, artıq Administrasiyada tamahkar məmurların himayəçilər yoxdur?

-Bəli. Artıq Prezident Administrasiyası korrupsioner məmurların himayəçilərindən təmizlənib. Yenə deyirəm, ola bilər ki, kimsə qalıb. Amma bunlar artıq cənab prezidentin səlahiyyətlərinə daxil olan məsələlərdir. Nazirlər Kabinetində təmizləmə işləri aparıldı. Ayrı-ayrı nazirliklərdə, strukturlarda bu islahatlar getdi. Məsələn, sosial sahədə çox ciddi islahatlar getdi. Artıq istənilən insan kompüter vasitəsilə pensiyasını hesablayırlar.

 

-Üzr istəyirəm, pensiya dediniz, xatırladım. Bir neçə gün öncə mətbuatda yayıldı ki, elə Əmək və əhalinin sosial müdafiəsi nazirinin öz anasının əlilllik dərəcəsi saxta imiş.

-İndi onu deyir, kimsə deyir də. Mən o sahədən nəsə deyə bilmirəm. Amma biz bu sahədə olan problemlər qaldırmışıq, müəyyən qədər yoluna qoyulması üçün çalışmışıq. Bank və maliyyə sistemində çox böyük islahatlar getdi. Məhkəmə-hüquq sahəsində islahatlarla bağlı proqramlar var. Yeni hakimlərin seçilməsi və vəkillik institutunun inkişaf etməsi üçün şərtlər dəyişsin. İnsanların sayına düşən vəkil sayı həddindən artıq azdır. Və ya biz hərdən hakimləri qınayırıq. Amma hərdən elə olur ki, bir hakimin üstünə ildə 3 000 iş düşür.

-Əsas problem kimi, məhkəmələrə etimadsızlıq göstərilir…

-Elə etimadsızlıq ordan yaranır. Bir hakimin üzərinə 2-3 min iş düşür. Bu zaman bu işlərə baxılmasının keyfiyyəti aşağı düşür.

-Hakimlərin sayı azdır deyə, dövlətin ədalət tərəzisinə şübhə yaranmalıdır?

 

-Yəqin ki, qısa müddətdə bu istiqamətdə işlər görüləcək. Çünki bununla bağlı qərarlar var.

– “Rabitə işi”ndə və sonradan digər proseslərdə milyonlarla vəsaiti mənimsəmiş korrupsionerlər daha tez azadlığa çıxdı. Deyirlər ki, qanun elə yetim-yesir üçündür. Bu ayrı-seçicilik nədən yaranır?

Fikir versəniz görərsiniz ki, “rabitə işi”ndən üzü bəri götürsək, mənimsənilmiş bütün dövlət vəsaitinin hamısı ödənildi. Həmin şəxslərin şəxsi əmlakı hesabına.

-Oğurluq elə, sonra pulu qaytar, azadlığa çıx…

-Yox, yox. 3 il, 5 il, 7 il. 10 ilə qədər həbsdə olan var. Götürək “Beynəlxalq Bank işi”ni. Həbs olunanlar 13-17 illik cəza alıblar. Dövlətin vəsaitini də qaytarmalıdır, digərlərini də. Sadəcə, yüngülləşdirici haldır. Qanunvericilikdə də var. Elə hər işdən ötrü adamı tut sal içəri, bəs borcları kim ödəyəcək? Dövləti talayan məmurlar oğurladıqlarını geri qaytarmalıdır.

-Amma cəzalandırma mexanizmi hamıya eyni işləmir. Maskanı 1 santimetr aşağı çəkəndə, qanun o dəqiqə onu 100-200 manatlıq cərimə ilə cəzalandırır. Milyonlar talayanlara qanunun yumşaq üzü göstərilir. Çovdarovun azadlığa çıxandan sonra çəkdirdiyi şəkil, dəbdəbəli həyat buna sübutdur…

 

 

-Çovdarov koronavirusa görə həbsdən azad olundu. Yaşı 60-dan yuxarı olan 300-dən artıq insan azad olundu.

-Bizdə elə 60-dan aşağı məmur tapmaq olmur. Əksəriyyətinin yaşı 60-dan yuxarıdır. Hamısını buraxaq ki…

-Siz, bir faktı soruşduz, mən də onu dedim. Yəni, bu qərarın içərisinə daxil oldu və azad olundu. İkinci bir tərəfdən, onun konkret cinayətləri nədən ibarətdir, onunla bağlı qərar verilib… Mən bilmirəm, nə alıb, nə verib, kimlə nə edib, hansı ünsiyyətləri olub. Məhkəmədə də üzünə duran oldu. Biri dedi ki, 3 milyon alıb, biri dedi ki, 5 milyon alıb. Yəni, hər bir işin öz məhkəmə qərarı var.

-Maraqlı başqa bir tendensiya da var. Həbs olunan məmurların hamısının övladı hardasa bir vəzifədə işləyir. Hətta son həbs olunanların övladlarına prokurorluq orqanlarında vəzifədə də verilir…

-Ümumiyyətlə, əgər kiminsə günahı varsa, cəzalanmalıdır. Günahı yoxdursa, tutaq ki, mənim qardaşım və ya başqa kimsə gedib cinayət törədibsə, onun mənə nə aidiyyəti var? Əgər mən onu himayə edirəmsə, onunla bağlı hər hansı addımları atıramsa, təbii ki, olmalıdır. Amma etmirəmsə, himayə yoxdursa, tutaq ki, birinin övladı istedadlı çıxıb. Hüquq-mühafizə orqanlarında işləmir, Elmlər Akademiyasında işləyir. Onu işdən çıxarmaq lazımdır?

-Qəribədir ki, elə ancaq vəzifədə olanların övladları istedadlı olur? 

-Xeyr, kifayət qədər insanlar var. Hüquq-mühafizə orqanlarını götürək, yaxud elə Milli Məclisi götürək. Həm aparatda, həm üzvlər arasında əksəriyyət sadə ailələrdən çıxmış insanlardır. Çətinliklə yaşayıblar. Mənim elə özüm. Mən 8 il yataqxanada yaşamışam. Elə ən çox mən, məndən artıq yataqxanada yaşayan adam olmayıb. Hələ kazarmaları demirəm…

-Həbs olunan məmurların hamısı da Yeni Azərbaycan Partiyasının üzvləridir. Maraqlıdır ki, necə olur ki, YAP-da bu qədər korrupsionerlər yetişir?

-Yox, yox. Elə deyil. Məsələn, Yeni Azərbaycan Partiyasının 700 mindən yuxarı üzvü var. YAP iqtidar partiyasıdır. Məsələn, bizdə 84 icra hakimiyyəti var. Onlardan 83-də icra başçısı YAP-ın üzvüdür. Bir dənə Neftçalanın icra başçısı YAP-çı deyil. Baxmayaraq ki, partiyanın üzvü deyil, o da həminki maddə ilə məsuliyyətə cəlb olundu. Tək YAP üzvləri demək olmaz. Bizim partiyanın nizamnaməsində də var ki, partiya üzvləri vəzifə daşıyarsa, ikiqat məsuliyyət daşıyırlar. Bir məsuliyyət tutduğu vəzifənin yerinə yetirilməsi, ikincisi isə partiya üzvlüyü. Partiya qarşısında məsuliyyət var.

-Əslində bu məsuliyyət, sizin üçün də baha başa oturdu.

-Yox, mənim üçün baha başa oturdu deyəndə, mən özüm getmişəm. Digərlərindən fərqli olaraq. Başqalarına da tövsiyə edirəm ki, sənin hərəkətin, fəaliyyətin partiyaya, dövlətə ziyan gətirə bilərsə, sən ordan çəkilməlisən. Əgər partiya maraqlarını, dövlət maraqlarını öz şəxsi maraqlarından yuxarıda tutursansa, bu addımı atmalısan. Əfsuslar olsun ki, çoxlarında bu şey yoxdur.

-YAP-ın üzvlərindən biri də, PA-nın ictimai-siyasi şöbənin keçmiş rəhbəri Əli Həsənov idi. Onun tabeliyində baş verən korrupsiya halları daha bir biabırçılığın üstünü açdı…

– Əli Həsənov ictimai-siyasi şöbənin rəhbəri idi, həmçinin, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü idi. YAP idarə heyətinin 20 nəfər idarə heyəti üzvü var. 20 nəfərdən bir nəfərdir. Orada qərarlar kollegial qəbul olunur. Kiminsə səsinin üstünlüyü bir cənab sədrdən başqa yoxdur. Sədrin səlahiyyətləri daha genişdir. Qalanları hamısı eyni vəziyyətdədir. Təkliflər verə bilərlər və sair. Əgər digər sahədə onun əməlində, hansısa fəaliyyətində nəsə varsa, o artıq partiyanın fəaliyyətinə aid deyil. Artıq ayrı strukturların fəaliyyətinə aiddir.

-Bir struktur tamam gözdən düşəndən sonra və ya prezident münasibət bildirəndən sonra danışırsız, adətən. Niyə?

-Biz kifayət qədər tənqidlər edirik. İclaslarımız var. Məsələn, rayon təşkilatının, siyasi şuranın iclasları var. İdarər heyətinin iclasları var. Orada çox kəskin tənqidi məsələlər qoyulur. Çox kəskin. İctimailəşmir, amma çox kəskin şəkildə məsələlər qaldırılır. Fikir mübadiləsi aparılır. Son nəticədə, qərarların hər biri hazırlanır və müvafiq strukturlara göndərilir.

Gununsesi.org