“Bu, ciddi məsələdir. Dünyanın idarə olunması informasiya üzərində qurulub. Bunun çatdırılması, qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O, qeyd edib ki, dünyada intiharın sayına görə Avropa ölkələri var ki birinci yerdə gedir: “Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də bunu təhrik edirlər. Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.
Komitə sədri bildirib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: “Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməli olmalıdır. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra oradan götürüb o xəbərləri verənlər var. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyət təsir edir”.
KAMİL
Gununsesi.info