Siyavuş Novruzov Milli Məclis aparatının əməkdaşları ilə bağlı məsələ qaldırıb - "ƏMƏKHAQQLARI ARTIRILMALIDIR"

  • By admin
  • 23 Noyabr 2017 12:30

Parlamentin dostluq qruplarının üzvləri Azərbaycana gəlib burada olan abadlığı öz gözləri ilə görməlidir ki, ölkəmiz haqqında yalan məlumatlar yayılmasın.

Gununsesi.info xəbər verir ki, bunu parlamentin iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu yolla Azərbaycan haqda yayılan həqiqətə uyğun olmayan məlumatların qarşısı alınar.

Deputat həmçinin deyib ki, müxtəlif dövlətlərin təhriki ilə azərbaycanlılara qarşı soyqırımlar törədilib: “Hesab edirəm ki, bununla bağlı müvafiq tədbirlər görülməlidir. Söhbət Gürcüstan, Türkiyə, Rusiya kimi ölkələrdən getmir. Avropa ölkələrini nəzərdə tuturam. İş adamları  bu məsələdə dəstək verə bilər. Lakin Avropanın elə ölkələr var ki, orada 3 nəfər iş adamı yoxdur. Belə olan halda necə kömək edəcəklər?”

O qeyd edib ki, Milli Məclisin vəsaiti olmalıdır ki, kitablar çap edərək Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilsin: “Düzdür, sədrin köməyi ilə biz bəzi kitabları çap edə bilirik. Amma hesab edirəm ki, parlamentin maliyyə imkanları olmalıdır. Yayda Füzuli rayonunda şəhid olan Zəhra ilə bağlı məlumatları ingilis dilində çap etdirərək yaydıq. Amma maliyyə imkanlarımız olsaydı, bunu peşəkar tərcüməçilərlə birgə edə bilərdik”.

Deputat Milli Məclis aparatının əməkdaşlarının əməkhaqqları ilə bağlı məsələ qaldırıb. O qeyd edib ki, keçən dəfə bu barədə səsləndirdiyi fikirləri başqa istiqamətə yönəltdilər: “Həmin əməkdaşlar nəinki parlamentin həmçinin, dövlətin işlərində fəal iştirak edir. Onların əməkhaqqlarının artırılması yaxşı olar”.

Millət vəkili Zahid Oruc isə parlament sürücülərinin əməkhaqqlarının qaldırılmasını təklif etdi.

Fərəc Quliyev Milli Məclisin Ehtiyat Fondunun yaradılmasını təklif etdi.

Mürtəza

Gununsesi.info