

“Azərbaycan xalqının həyatında rolu olan adamların adı əbədiləşdirilməlidir. YAP hər kəsin xidmətini yüksək qiymətləndirir. Lakin həmkarım Qüdrət Həsənquliyevdən fərqli olaraq düşünürəm ki, Ümummilli lider Heydər Əliyev isə digərləri ilə müqayisə edilməməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, adların əbədiləşdirilməsinə gəldikdə isə buna fərqli yanaşmaq lazımdır.
“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır.
Lakin Həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq Ulu Öndərin digərləri ilə müqayisə edilməsi düzgün deyil. Çünki Ulu Öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyi təhlükə altında olduğu zamanda Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu Öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu. Yəqin ki, Sürət Hüseynovun Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, Ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də Ulu Öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki Ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub”-deyə, S. Novruzov bildirib.
Mürtəza
Gununsesi.info