Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spiker Ziyafət Əsgərov deputatlara irad bildirib.
Gununsesi.org-un xəbərinə görə, Z.Əsgərov deyib ki, plenar iclasda qanun layihəsi ilə bağlı çıxış etmək lazımdır.
O qeyd edib ki, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil: “Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.
Siyavuş Novruzov isə Z.Əsgərova cavab olaraq deyib ki, elə məsələlər var, bu gün burada deyilmirsə, bunu sosial şəbəkədə, başqa yerdə deməyin əhəmiyyəti yoxdur:
“Milli Məclisin üzvləri milləti, cəmiyyəti və dövləti narahat edən məsələləri qaldırmalıdır. Deputatlar Azərbaycana qarşı ədalətsiz təzyiqlərə qarşı mövqelərini bildirmək istəyirlər. Burada hansısa qanundan asılı olmayaraq bir vətəndaşlıq, deputat borcudur ki, problemlər qaldırılsın və münasibət bildirilsin”.