“Siz məni öz ölkəmə göndərin, orda bəraətimi alacam”

  • By admin
  • 04 İyun 2018 15:23

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə T.Kamal ifadə verib.

O, dindirilən zaman Türkiyəyə getmək istədiyini deyib. T.Kamal 8 övladının olduğunu, ittihamları rədd etdiyini bildirib:

“Siz məni öz ölkəmə göndərin, orda bəraətimi alacam”.

Prosesdə daha sonra Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib. O deyib ki, T.Kamal həm Almaniya, həm də Türkiyədə cinayət əməli törədib: “Hər iki ölkə tərəfindən bizə sorğular daxil olub. Lakin təqsirləndirilənin Türkiyə vətəndaşı olduğuna görə öz ölkəsinə eksradisiya olunmasını məqsədə uyğun hesab edirik”.

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

 Məhkəmə iclası növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, T.Kamal Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Holllandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T.Kamal Türkiyə tərəfindən də axtarışa verilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi zamanı Türkiyə tərəfi də T.Kamal haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.