Slovakiya parlamenti Baş Nazirə qarşı etimadsızlıq votumunu rədd edib

Slovakiya parlamenti Baş Nazir İqor Matoviçə qarşı etimadsızlıq votumunu rədd edib.

Gununsesi.org xəbər verir ki, Bratislavada Milli Şuranın (parlament) bütün gecə davam edən növbədənkənar iclasında 125 deputatdan yalnız 47-si Baş Nazirə etimadsızlıq göstərilməsinə tərəfdar çıxıb. Baş Naziri postundan kənarlaşdırmaq üçün isə azı 76 deputat müxalifət partiyalarının təklifini dəstəkləməli idi.

Etimadsızlıq məsələsinin parlamentdə qaldırılmasına səbəb isə İ.Matoviçin Bratislava Komenius Universitetində yazdığı magistr işinin plagiat olmasına dair iddialardır. “Dennik N” qəzetinin araşdırmalarından sonra “Adi insanlar və müstəqil şəxslər” (OľaNO) partiyasının rəhbəri İ.Matoviç özü də elmi işini yazarkən səhvlərə yol verdiyini etiraf edib. O, peşə və siyasi fəaliyyətinə görə təhsilə kifayət qədər vaxt ayıra bilmədiyini bildirib və diplom işini yazarkən elmi prinsiplərə riayət etməməsinin mümkünlüyünü ifadə edib.

Etimadsızlıq votumundan sonra İ. Matoviç bildirib ki, ondan öncə hakimiyyətdə olan sosial-demokratların qurşandığı korrupsiya ilə müqayisədə onun diplom işindəki səhvlər elə də böyük problem sayılmamalıdır. 47 yaşlı siyasətçi öz sosial media hesabında da diplom işindəki səhvlərini boynuna alıb.

Qeyd edilməlidir ki, daha öncə parlament Sədri Boris Kollara da qarşı plagiat iddiaları səsləndirilmişdi və B. Kollar bu səbəbdən öz magistr elmi dərəcəsindən istifadədən imtina etmişdi.

 

 

Gununsesi.org