Slovakiyalı qız və bizim məmmədlər - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 17 May 2017 17:59

leman

Bir neçə gündür Bakıda yaşayan slovakiyalı gənc qızın açıqlaması sosial şəbəkədə geniş müzakirə olunur. Qız Amerika kəşf etməyib, olanı yazıb. Nə yazıb? Hamıya tanış mənzərəni. Bilənlər bilir, bilməyənlər də mənim yazımdan bilsin:

“Bakıda qalmağı sevirəm- amma böyük bir çətinliyi var. Azərbaycanlı oğlanlar, bu şəkildə rəftar etməyi necə bacarırsınız? Hər gün saysız hesabsız dostluq təklifləri və mesajlar alıram. Həqiqətən nəzakətli olmağa çalışıram, lakin bütün bunlar həddini aşır. Bəzi insanlar hətta başa düşmək istəmirlər ki mən görüşmək, yemək yemək, söhbət etmək istəmirəm və sevgilim olduğunu deyəndə (hətta adətən evli olduğumu desəm də təsiri eynidir – sıfır) onlar deyir ki, “axı siz avropada eyni vaxtda çox oğlanla olursunuz, elə deyil?!” Ən pisi də o oldu ki, Starbaksda oturub anamla telefonda söhbətləşəndə oğlan gəldi oturdu yanımda, söhbət etməyə çalışdı və hətta əlimi öpdü. Eyni şey mənzilimlə üzbəüz supermarketdə də baş vertdi. Təhlükəsizliyə nəzarət edən oğlan ətrafımda gəzişir, əllərimə biləklərimə toxunurdu. Uber sürücülərdən isə ümumiyyətlə danışma, maşından düşəndən sonra zəng edib görüşə çıxmaq təklif edir. Ədalətsiz olmaq istəməzdim, amma bu tərbiyəsizlik məni gülünc şəkildə narahat edir. Mən küçədə ovlanası heyvan deyiləm axı.”

Dilimizdə “Pir mənimdir, kəramətinə bələdəm” deyə bir ifadə var. Atalar sözüdür əslində. Elə görməmişlik də bizə atamızın atasının atasından qalıb. Yəni əcdadlarımızdan. Ha avropalaşaq, ha sivil dünyaya inteqrasiya edək, xeyri yoxdur. Qısa ətək, açıq yaxa görəndə yaxamızı əldən veririk. Çox da ki, uber sürücülərimiz var. Elə bilirsiz ki, onlar bu texnologiyanı dünyaya ixrac edən San Fransiskonun sürücüləri, ya da elə Harret Kempin ( Uber texnologiyanın yaradıcısı) özüdür?! Xeyr, əzizlərim, sükan arzasında oturan bizim Məmməddir.

-Bacıqızı,nəsə mənə tanış gəlirsən eyyy…Mən səni hardan tanıyıram? Sən filan məktəbdə oxumamısan? Yox? Yaxşı bəs hardan tanıyıram səni?

“Cəhənnəmdən” deyəcəksən, mənzil başına çatmağın şübhə altında qalacaq. Mülayim cavab verəcəksən, düşəcəksən slovakiyalı qızın gününə.deyəcək ki, hə, bu əsl mənim xörəyimdir. Bəli, bu Məmmədlər bizim millətin alın yazısıdır. Və onlar hər yerdədir. Onlar o qədər çoxdur ki, bəzən yaxşılar da onların oduna yanır. Azərbaycan kişisi deyəndə yada düşən üç-beş yaxşı yox, bax belələri olur. Ona görə də slovakiyalı, ya qeyri-slovakiyalının gözü yaxşıları yox, pisləri görür.

Bu yazını yazmaq üçün bir xeyli tərəddüd etdim.Ümumiyyətlə, son vaxtlar çox ehtiyatlı olmuşam. Çünki, nə yazırsansa qulp qoyan tapılır. İndi də belələri tapılacaq, əminəm. Çünki, slovakiyalı qızın açıqlamasına reaksiyalardan başa düşdüm ki, bizdə heç kim öz ayranına turş demək istəmir. Bəzi rəylər ümumiyyətlə adamı heyrətə gətirir. Yazırlar ki, qız hələ gedib güzgüdə özünə baxsın, kişilər onun əlindən öpəcək qədər gözəl qız da deyil. Adama deyərlər heç dəxli var? Bu gün güzgüyə baxası biri varsa, o da biz özümüzük. Slovakiyalını belə status yazmağa heç nə məcbur etməyib. Qız sadəcə bezib dilə gəlib. Onun qısa şortikinə, yalın ayaqlarına, açıq sinəsinə gözlə təcavüz edənlərdən qorxub, iyrənib yazıb bütün bunları. Çünki onun ölkəsində geyimə görə adama qiymət vermirlər. Bzidə isə qısa ətək, sarı saç hələ də qadına ən pis münasibətin simvoludur. Şüurlarımız bilmirəm neçənci əsrdə ilişib qalıb. Amma bayırda 21-ci əsrdir. Uber texnologiyalar əsri. Bu əsrin adamı olun, köhnəliyin əsiri yox, cənablar.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info