
Slovakiyanın yeni qurulmuş hökumətinin baş naziri Robert Fiko Ukraynaya hərbi yardımı dayandırdığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Slovakiyanın “Aktuality” saytının məlumatına görə, koalisiya hökumətinin baş naziri Fiko açıqlamasında Kiyevə hərbi yardımı dəstəkləməyəcəyini bildirib.
Ukraynaya hərbi yardımın dayandırılacağını deyən baş nazir qeyd edib: “Avropa İttifaqı silah tədarükçüsündən vasitəçiyə çevrilməlidir”.
O, Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və bildirib ki, Slovakiya üçün nəticələri qiymətləndirilməsə, Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcək.
Rusiya-Ukrayna müharibəsinə gəlincə, Fiko vurğulayıb ki, “onlar üçün 10 il münaqişədə iştirak etməkdənsə, 10 il sülh danışıqlarında iştirak etmək daha yaxşı olardı”.
Slovakiyada sentyabrın 30-da keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyası (SMER), “Səs” Liberal Partiyası (HLAS) və Slovakiya Milli Partiyasının (SNS) qurduğu koalisiya hökuməti dünən fəaliyyətə başlayıb.
4-cü dəfə Slovakiyanın Baş naziri vəzifəsinə başlayan SMER sədri Robert Fiko prezident Zuzana Çaputova tərəfindən yeni kabinetin təsdiqindən sonra təşkil edilən mərasimdə konstruktiv olacağına söz verib.
Gununsesi.info